Gənc
Tamaşaçılar Teatrının kollektivi qastroldan
qayıdıb
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
kollektivi oktyabrın 26-dan 30-dək Rusiya Federasiyası
Kalmıkiya Respublikasında qastrol səfərində olub.
Kollektiv B.Basanqov adına Kalmık Milli Dram Teatrında iki
maraqlı tamaşa, eləcə də sərgi və konsert
proqramı təqdim edib.
Teatrın səhnəsində uşaqlar üçün Pərvinin “Dəcəl keçi”, böyüklər üçün isə Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsərinin tamaşaları nümayiş etdirilib. Kalmıkiya Respublikası N.N.Palmov adına Milli Muzeydə Gənc Tamaşaçılar Teatrının rəssamı Elşən Sərxanoğlunun əsərlərindən ibarət sərgi keçirilib. Sərgidə rəssamın 50-dən artıq qrafik və yağlı boya ilə işlənmiş əsərləri yer alıb.
Qastrol səfərinin yaddaqalan tədbirlərindən biri də teatrın istedadlı aktyoru, müğənni İlham Əsədovun xalq və müasir bəstəkar mahnılarından ibarət proqramı olub. Konsertdə Kalmıkiya Dövlət Filarmoniyasının direktoru, bəstəkar-müğənni Arkadi Mandjiyev də gənc müğənni ilə duet oxuyub.
Səfərin son günündə keçirilən mərasimdə Kalmıkiya parlamentinin deputatı Konstantin Kirpilev çıxış edərək belə səfərlərin əhəmiyyətindən danışıb. O, qarşılılıq dostluq münasibətlərinə, mədəni əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələrinə görə Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidova Kalmıkiya parlamentinin fəxri diplomunu, teatrın aktyoru İlham Əsədova isə təşəkkürnamə təqdim edib. Teatrın bir sıra əməkdaşlarına da fəxri fərman və diplomlar təqdim olunub.
Öz növbəsində Mübariz Həmidov
Gənc Tamaşaçılar Teatrının təsis etdiyi
“Sima” mükafatının “Ən yaxşı rejissor işi” nominasiyası
üzrə qalib olmuş Kalmık Milli Dram Teatrının bədii
rəhbəri Boris Manciyevə, “Teatrın dostu” nominasiyası
üzrə isə qalib seçilmiş Kalmık Milli Dram
Teatrının baş direktoru Qalina Şurayevaya diplom və
mükafatlar təqdim edib.
Mədəniyyət.- 2015.- 4 noyabr.- S. 7.