Uzunmüddətli tərəfdaşlıq xalqlarımızın mədəniyyətində dərin iz qoyub

 

Oktyabrın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Rusiyanın mətbuat nümayəndələri ilə görüşdü.

 

Qonaqları salamlayan nazir iki ölkə arasında bir çox sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğuladı, bu əlaqələrin dərin köklərə malik olduğunu, 200 ildən artıq bir dövrü əhatə etdiyini dedi. Əbülfəs Qarayev qeyd etdi ki, uzunmüddətli tərəfdaşlıq xalqlarımızın dünyagörüşündə və mədəniyyətində də dərin iz qoyub.

Bildirildi ki, davamlı olaraq hər il Rusiyadan Azərbaycana incəsənətin müxtəlif sahələrini təmsil edən insanlar, bədii kollektivlər səfərə dəvət olunur. Mədəni mübadilə çərçivəsində qarşılıqlı ustad dərsləri, konsertlər, sərgilər və digər mədəni layihələr uğurla həyata keçirilir. Bundan əlavə, muzey və kitabxana sahəsində də sıx əməkdaşlıq mövcuddur. Rusiyada keçirilən kitab sərgilərində ölkəmiz yaxından iştirak edir, eləcə də Bakıda keçirilən kitab sərgi-yarmarkalarında Rusiya da təmsil olunur.

Nazir Azərbaycan xalqının mədəni dialoqa hər zaman açıq olduğunu bildirdi, bunun sübutu olaraq Bakıda iki ildən bir keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu, respublika miqyasında azsaylı xalqların folklor festivalını misal göstərdi. Qeyd olundu ki, yüksək tolerantlıq nümunəsi olan ölkəmizdə hər bir qonaq kilsə, məscid, sinaqoqu ziyarət edə bilər. Bildirildi ki, Qafqazda xristianlıq ilk dəfə məhz Azərbaycanda, eramızın ilk əsrlərində Qafqaz Albaniyasında yayılıb. Əsrlər boyu fəaliyyət göstərmiş alban kilsəsi 1836-cı ildə çar Rusiyası tərəfindən erməni qriqorian kilsəsinin tabeçiliyinə verilərək fəaliyyəti dayandırılıb. Bu gün alban xristian məbədi yenidən öz fəaliyyətini davam etdirir.

Qonaqlara ölkəmizin tarixi-mədəni irsi, Qobustan Milli Tarixi-Bədii Qoruğu, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu, Atəşgah məbədi və digər məkanlar haqqında məlumat verən nazir qeyd etdi ki, Azərbaycan xalqı tarixi köklərinin qədimliyi ilə hər zaman fəxr edir. Nazir mətbuat nümayəndələrini Azərbaycanın tarixi məkanlarını ziyarətə dəvət etdi.

İncəsənətin müxtəlif sahələri üzrə qarşılıqlı əlaqələrdən, təcrübə mübadiləsindən söz açan nazir bir neçə ay öncə görkəmli kinorejissor, Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovun Bakıya səfər etdiyini, burada kino xadimləri ilə görüşlər keçirdiyini dedi. Vurğulandı ki, bugünlərdə isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə rejissor iki ölkə arasında mədəni əməkdaşlıqda xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub. Bu ilin dekabrında Bakıda N.Mixalkovun filmlərindən ibarət kinofestivalın keçiriləcəyi də diqqətə çatdırıldı. N.Mixalkovun Bakıya səfərinin onda xoş təəssürat yaratdığını vurğulayan Əbülfəs Qarayev rejissorun Aleksandr Qriboyedov haqqında çəkəcəyi filmdə Azərbaycan tərəfin də iştirakı ilə bağlı razılıq əldə edildiyini və bu filmin ərsəyə gəlməsi üçün ölkəmizin hər cür dəstək göstərəcəyini bildirdi.

Azərbaycanın turizm potensialı barədə danışan nazir bu sahədə də əlaqələrin inkişaf etməsi, Rusiyada keçirilən turizm sərgilərində ölkəmizin turizm imkanlarının tanıdılmasından söz açdı. Rusiyalı turistlərin həmişəki kimi Azərbaycana böyük maraq göstərdikləri vurğulandı. Qeyd edildi ki, ölkəmizə gələn turistlər arasında rusiyalı qonaqlar ikinci və üçüncü yerləri bölüşürlər. Bu sahədə yeni layihələr nəzərdə tutulur.

Görüş zamanı rusiyalı media mənsublarına Xəzəryanı dövlətlərin turizm potensialı, Avropa Oyunları və turizm dinamikası, BMT və UNESCO ilə əlaqələr barədə də ətraflı informasiya verildi.

Sonda nazir NTV, ORT, “Mir”, “Rossiya” telekanallarının və “Komsomolskaya pravda”, “İnterfaks” və digər mətbuat nümayəndələrinin suallarını cavablandırdı.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 4 noyabr.- S. 6.