Qırğızıstanla humanitar əlaqələr inkişaf edir

 

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Bişkekdəki Beynəlxalq Poeziya Akademiyasının prezidenti, Xalq şairi Omor Sultanov və “Türk dünyasının ədəbiyyatı” jurnalının baş redaktoru, Qırğızıstanın görkəmli yazıçısı Aydarbek Sarmanbetovla görüşüb.

Səfir ölkələrimiz arasında bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Qeyd edib ki, son iki il ərzində həm Bişkekdə, həm də Bakıda bir çox mühüm tədbirlər keçirilib.

Omor Sultanov “Türk dünyasının ədəbiyyatı” almanaxının ilk sayını səfirə təqdim edib, toplunun redaksiya heyətinə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, eləcə də Tatarıstandan, Türkiyədən tanınmış qələm sahiblərinin daxil olduğunu deyib. Bildirib ki, jurnalın bu sayında Azərbaycandan Xalq şairi Rəsul Rzanın və Hidayətin, türk şairlərindən Yunus Əmrənin, Nazim Hikmətin, eləcə də Özbəkistan, Qaraçay-Çərkəzdən və başqa türk xalqlarının ədiblərinin əsərlərindən nümunələr çap olunub.

Səfir türk dünyasını əhatə edən jurnalın nəşrinə və Azərbaycan ədəbiyyatına göstərilən diqqətə görə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2015.- 4 noyabr.- S. 6.