Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd olundu

 

Oktyabrın 30-da Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. Tədbirdə rəsmilər, tanınmış mədəniyyət xadimləri, bəstəkarın dostları və ailə üzvləri, çoxsaylı musiqisevərlər iştirak edirdi.

 

Əvvəlcə qonaqlar filarmoniyanın foyesində sənətkarın həyat və yaradıcılığını, eləcə də oratoriya həsr etdiyi Çanaqqala savaşından səhnələri əks etdirən sərgi ilə tanış oldular.

Xalq artisti, görkəmli bəstəkar, akademik Arif Məlikov uzun illər dostluq etdiyi Vasif Adıgözəlovla bağlı xatirələrini jurnalistlərlə bölüşdü. Bildirdi ki, onların tanışlığı görkəmli bəstəkar Qara Qarayevin tələbəsi olduqları zamandan başlanıb. Vurğuladı ki, Vasif Adıgözəlov bu gün sıralarımızda olmasa da, xalq onu unutmur. O, yaratdığı əsərlərdə, musiqilərdə yaşayır.

Yubiley gecəsində Vasif Adıgözəlovun “Çanaqqala-1915” oratoriyası türkiyəli solistlərin ifasında təqdim edildi. Xalq artisti, dirijor Yalçın Adıgözəlovun idarə etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının müşayiət etdiyi türkiyəli sənətçilər Perihan Nayir, Nesrin Gönüldağ, Okan Şenozan, Ünüşan Kuloğlu və Tuncay Kurtoğlunun solo ifaları alqışlarla qarşılandı.

Bu əsəri Vasif Adıgözəlov yaradıcılığının zirvəsi saymaq olar. “Çanaqqala-1915” oratoriyası mahiyyətcə rekviyemdir, şəhidlərin ruhuna ithaf edilmiş musiqidir. Əsərdə türk əsgərlərinin Vətənə olan sonsuz, tükənməz sevgisi, rəşadəti, yenilməzliyi tərənnüm olunur. Qeyd edək ki, Azərbaycanda qardaş Türkiyənin zəfər savaşı olan Çanaqqala mövzusuna ilk dəfə Vasif Adıgözəlov müraciət edib. İlk dəfə 1996-cı ildə Çanaqqalada səslənən oratoriya türk sənət dünyasında əlamətdar bir hadisə kimi qiymətləndirilib.

 

* * *

Qeyd edək ki, Vasif Adıgözəlovun 80 illiyi haqqında ölkə Prezidentinin sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 26-31 oktyabr tarixində musiqi festivalı keçirilib. Festival proqramının son tədbiri kimi oktyabrın 31-də Dövlət Opera və Balet Teatrının səhnəsində Vasif Adıgözəlovun üçpərdəli “Natəvan” operasının tamaşası nümayiş olunub.

Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rejissoru Azərbaycanın və Özbəkistanın Xalq artisti Firudin Səfərov, səhnə tərtibatçısı Xalq rəssamı Tahir Tahirovdur. Operada teatrın aparıcı solistlərindən xalq artistləri Azər Zeynalov, Şahlar Quliyev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Əməkdar artist Zemfira İsmayılova və başqaları çıxış ediblər.

Xatırladaq ki, opera ilk dəfə teatrda 2003-cü ildə səhnələşdirilib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.-  4 noyabr.- S. 4.