Tarixi irsimizin saxlanc yeri

 

Tarixin yadigarları onu yaradan, yazan xalqın gələcək nəsillərə əmanət etdiyi ən etibarlı mənbələrdəndir. Belə nümunələrin qorunduğu məkanlardan biri də muzeylərdir. Bu il AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin yaradılmasının 95 ili tamam olur. 1920-ci il iyunun 15-də Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsinin “Muzekskurs” yarımşöbəsinin nəzdində “Doğma diyarın tədris muzeyi” adı ilə yaradılan muzeyin əsas bazasını Xalq Cümhuriyyəti dövründə (1919) açılan “İstiqlal” muzeyinin materialları təşkil edib...

 

Xalqımızın tarixi keçmişini əks etdirən minlərlə eksponatın qorunub saxlanıldığı muzeyə bugünlərdə bir daha baş çəkdik.

Hazırda muzeydə 11 fond fəaliyyət göstərir. Onlardan biri “Qiymətli metallar fondu”dur. Buraya muzeyin digər fondlarında saxlanılan, arxeoloji qazıntılar, həmçinin təsadüfi tapıntılar nəticəsində və əhalidən satınalma yolu ilə alınan qiymətli metallardan hazırlanan eksponatlar daxil edilib. Bu fondda 1570 eksponat saxlanılır. Onlardan 556 ədədi gümüş, 300-ü qızıl, 714-ü isə numizmatik kolleksiyaya aiddir. Muzeydə eksponatların dəqiq siyahıyaalınması, yerləşdirilməsi, xüsusi səliqə-sahman göstərir ki, tarix yadigarlarının vəziyyətinə ciddi diqqət göstərilir.

Muzeyin fond işləri üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalova deyir ki, əhalidən alınan əşyaların qiyməti mütəxəssislərdən ibarət komissiya tərəfindən müəyyən edilir və alqı qarşılıqlı razılaşma əsasında gerçəkləşir. Son dövrlərdə 1712 ədəd yeni material alınıb.

Həmsöhbətim bildirir ki, arxeoloji qazıntılar zamanı əldə olunan 11 ədəd qızıl muncuq və spiralşəkilli bəzək əşyası muzey eksponatlarının sırasına daxil edilib. Arxeoloq Fərhad Quliyev bu əşyaların 2008-2015-ci illərdə aparılan qazıntılar nəticəsində Tovuz rayonunun Menteş qədim yaşayış yerindən tapıldığını deyir. Onun sözlərinə görə, kurqan qəbirdən əldə olunan bu arxeoloji materialların e.ə. VI-IV minilliyə aid olması müəyyən edilib. Qədim zinət əşyaları qadın skeletinin üzərindən aşkar olunub.

Arxeologiya elmi-fond şöbəsinin kiçik elmi işçisi Emin Məmmədov tərəfindən Moskva və Tiflis arxivlərində araşdırmalar aparılıb. Muzeyin ötən əsrin 40-cı illərindəki fəaliyyətini əks etdirən unikal fotomateriallar əldə olunub.

Muzeyin birinci zalında Azərbaycanın kosmosdan çəkilmiş xəritəsi diqqəti cəlb edən eksponatlardandır. Xəritədə ölkəmizin ərazisi, əhalisi, relyefi, flora və faunası, faydalı qazıntıları və s. barədə məlumatlar var. Buraya gələnlər elektron gidlərin köməyi ilə Azərbaycan, rus və ingilis dillərində ölkəmiz haqqında ətraflı informasiya ala bilirlər. Burada həmçinin böyük monitorda kinofilmlərə də baxmaq olur.

Ekspozisiyada nümayiş olunan Daş dövrünə, Paleolit, Neolit, Eneolt, Tunc və Dəmir dövrlərinə aid çaxmaqdaşı, dəvəgözü, əmək alətləri, gil qablar, tunc qılınc və xəncərlər, antik sikkələr, qadın bəzək əşyaları və s. ziyarətçilərin marağına səbəb olur. Muzeyin yeni qurulan ekspozisiyasında Azərbaycan-türk, islam mədəniyyəti nümunələri yer alıb. Zalda qoyulan miniatür nümunələri isə orta əsrlərdə bu sənətin ölkəmizdə necə bir inkişaf dövrü yaşadığını göstərir.

Milli Azərbaycan Tarixi Muzeyi maddi mədəniyyət nümunələrimizin qorunduğu məkan olmaqla yanaşı, həm də burada müxtəlif tədbirlər keçirilir, sərgilər təşkil olunur.

Mayın 8-də nümayiş etdirilən “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgi tamaşaçıların böyük marağına səbəb olub. Sərgi muzeyin fondlarında qorunan eksponatlar və toplanılmış materiallar əsasında hazırlanıb. 483 eksponat, 230 fotoşəkil və 13 rəsm əsərindən ibarət sərgidə ön və arxa cəbhələrdə vuruşan əsgərlərin, Sovet İttifaqı Qəhrəmanlarının şəxsi əşya, sənəd və ləvazimatları, döyüş sursatları nümayiş olunub. Əcnəbi qonaqların, turistlərin rahat məlumat almaları üçün sərginin materiallar haqqında Azərbaycan, rus və ingilis dillərində məlumat verilib. Sərginin Azərbaycan və rus dillərində geniş kataloqu da nəfis şəkildə çap olunub.

Bu il oktyabrın 21-də isə muzeyin 95 illik yubileyinə həsr olunan sərgi və “Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçirilib. Vitual muzey Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Sərgidə muzeyin tarixi, 95 il ərzində keçdiyi yol, burada çalışmış görkəmli mütəxəssislər barədə məlumat verilib. Fondlarda qorunan maraqlı eksponatlar, muzeyin nəşrləri nümayiş olunub. Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlının müəllifi və tərtibatçısı olduğu “Milli Azərbaycan Tarixi Muzeyi - 95” kitab-albomunun da təqdimatı keçirilib.

Azərbaycanda ilk peşəkar virtual muzey mahiyyətini daşıyan “Virtual Qarabağ Tarixi Muzeyi” layihəsinin məqsədi tarixin kütləviləşdirilməsi, müxtəlif muzeylərdə saxlanılan və Qarabağın tarixi, mədəni irsini özündə əks etdirən eksponatları bir yerə toplamaq, Qarabağın mədəniyyətini, tarixini gənc nəslin arasında təbliğ etməkdən ibarətdir. Burada Qarabağa dair Azərbaycanın və müxtəlif ölkələrin 32 muzeyindən və şəxsi kolleksiyalardan 900-ə yaxın eksponat toplanıb.

Diqqətimizi çəkən eksponatlardan biri də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən hədiyyə edilən ilk Avropa Oyunlarının xatirə medalıdır. Öyrənirik ki, 925 karatdan ibarət gümüş əsaslı qızıl suyuna salınmış medal Avropa Oyunlarının yüksək səviyyəli qonaqları üçün nəzərdə tutulub.

Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında və əksəriyyəti nadir kitablardan ibarət zəngin kitabxanasında 300 mindən artıq nümunə qorunur. Bu kolleksiya ziyarətçi və tədqiqatçılara ölkəmizin ən qədim dövrdən bu günədək tarixini, mədəniyyətini öyrənmək, tariximizlə bağlı istənilən məsələni araşdırmaq imkanı verir...

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2015.- 6 noyabr.- S. 13.