İslam Səfərli

 

Başdan-başa şeir-sənət, Vətən-təbiət sevgili...

 

Bu gün - 6 noyabr “Bağrıma basmışam Azərbaycanı - Araz bir qolumdur, Kür bir qolumdur” - demiş bu vətənpərvər şairin, “Otlayır sürüsü göy yaylaqların, Durmuş şiş qayalar çobansayağı. Qurbanı olduğum qarlı dağların Üşüyür zirvəsi, yanır ayağı” söyləmiş təbiət aşiqinin anım günüdür.

 

Vətənimizin pərvanəvi pərvərliyindən, təbiətimizin Məcnuni aşiqliyindən qısa nümunələrini verdiyim bu şairin ən çox və ən vurğunanə bəhs etdiyi, yarım əsrdən çoxdur - yar çağına çatmışların sual özəyi, müğənnilərin repertuar bəzəyi, sadə dinləyicilərin zövq düzəyi olan baş Sevgi mövzusundan bir bəndə də bənd olaq:

 

Göyləri ay gəzir, hava bürkülü,

Eyvanda durmuşam boynu bükülü.

Bəlkə eşqimizin sona bülbülü

Uçub yol üstdəki qovaqda qaldı?..

Nə vaxta qaldı, ay gözəl, nə vaxta qaldı?..

 

Çox belə bəndlər coşub-çağladı bu şair. Vətənin şəninə köz-köz, gözəllərin vəsfinə qaş-göz, təbiətin hüsnünə təb-təb sözlər söylədi. Məna-mətləb dənlərini fikri-dəyirmanında üyütdü, xəyal xəlbirindən keçirib, könül ələyində ələdi. Hər batini nur-nüansa poetik ekskurslar edib, oxucusunu “hazıra nazir” elədi...

Vurğunu olduqlarının birinə “Sevgi yarışımda hər şeyi ötən - Vətən!” - dedi. Digərinə “Ürkək baxışına, xoş yerişinə, Zərif gülüşünə verrəm dünyanı” söylədi. Bəzən, şairiyyət-şeiriyyətin əkilmiş torpaqlarında çalışıb, biçilmiş kövşənlərdə görünsə də, yeni-yeni xam sahələrdə daha çox işlədi. “Hörüklərin qaradır, Qaşların ayparadır, O bir aləm yaradır - Bakı, sabahın xeyir!” - kimi poetik mənzərələr, estetik ovqatlar yaratdı...

...İndi də, bu kimi-o kimi neçə-neçə yaddaqalar misralar müəllifinə, axar çaylar kimi zümzümələnən, durğun sular təki aynalanan, “Üzmə gözəl, sənə qurban olmuşu, Səsdə-ündə - son nəğməli Qu quşu” kimi çox sözlər söyləmişə bir-iki kəlmə səslənişim olacaq. Amma həm ayın-şayın ovqatda, həm də bir qədər qəhər-təhər...

 

Çünki -

 

bu gün onun dünyadəyişim günü, anım anlarıdır.

Haqq dünyaya gedənədək özünü müdam həyatın çalış-çaba dəryasında, məhəbbət dənizində hiss etsən də, “Mahnıdır yelkənim əzəldən mənim, Ey şair İslamın gözəl cananı” desən də, vaxt-bivaxt efir-ekranda, konsert salonlarında müğənnilərə “Bakı, sabahın xeyir!” söylətsən də, bu günün öz ələm aləmi var, şair!..

Xatırlayıram, dörd il öncə fevralın 12-də də doğum günün münasibətilə işlədiyim məqalə çox əziyyətsiz alındı; demək olar özü yazıldı o yazı. İndi isə, ustad həmkarlarından biri demişkən, “söz çıxıb ceyran belinə”...

O sabiq yazının hər abzasında hər beş sözdən biri “sabahın” idi, biri “xeyir”. Bəs bu anım günündə necə xitablanım, şair, - “axşamın xeyir”?!.

Xeyr, ey xoş sabahlar şairi, məhz sabahın xeyir!

Vaxtilə sənin şair qələmindən, bu anlar mənim nitqimdən qopan “sabah”-“axşam”lardan sonra gəlmiş və gələsi çağların, öz çağlar şeirlərinlə səfər edəcəyin sabahların, axşamların da xeyir, Səfərli!

Allı-güllü, şirin dilli qafiyələrlə Vətən, təbiət, gözəllər gözəlliklərinə Vətəndaş və Məcnundaş könlünlə qoşub-qoşmaladığın misralar tərtəmiz ana dilli, İslam Səfərli! Çox da uzaq olmayan o keçmişin - o siyasi sıxıntılı, şairlik ab-havasına bab olmayan dünəninin müstəqil bugünləri, azad sabahları qutlu, Azərbaycan oğlu! Sevgili bir huş-guşla peşində olduğun Turan soydaşlarının hüsnlərinə aşiq olub bəndlərə vurduğun misralarının bir-birinə bənd edəcəyi yarınların mutlu, ayrıca bir poetik mülk qoyub getmiş təpədən-dırnağa türk balası!..

Keçək sənin öz səslənişlərinə. Və elə bu məqamda yüzlərlə poetik xitablarından biri:

 

“Bir dön geri...”

 

Qoy bu an ruhun da - nəğmələrin kimi - gəlsin bəri, həmişəyaşar, diri şair!

Qələmi əlimə alanda qərarlaşdırmışdım ki, bu yazını nəqli-nəsri fikirlərlə başa vurum, - yaddaşımdakı şeirlərindən bu yazıya həcm dəstəyi ummayım. Amma yox, hiss edirəm ki, alınmır: şairdən söz açarkən şeirlərindən nümunə gətirməmək - qəndsiz çay içmək kimi bir şey! Beləliklə, bəri başdan, sənin lirik-poetik vəsfkarlığını sərgiləyən misralar qalereyasında leytmotiv kimi səslənən “Batabat” şeirindən iki bənd:

 

Bulaqların bir səmtədir axarı,

Salvartının xoş görünür baxarı,

Biçənəkdən at səyrilib yuxarı,

Yalmanına yata-yata gəlmişəm -

Mərcan gözlü Batabata gəlmişəm.

 

Mehmanınam on beşdə mən, beşdə mən,

Gətirmişəm “basdırma”nı teştdə mən,

Neçə ocaq tüstülədib döşdə mən,

Birini də çata-çata gəlmişəm -

Mərcan gözlü Batabata gəlmişəm.

 

Bir dəfə növbəti təbiət səfərinə çıxdığın dostlarına şifahi - “atüstü” misralarla belə bir xitab edibsən ki; “... Könül, di gəl, bu müşkülü kəşküldən ayır - Dünyayi-cahana otbitməz yollar, Fağır Təbrizəsə tikanlı məftil-çayır...” Deyirlər, “ağır dostlar”ının onu ayrıca bir sevgi, maraq və ovqati təm-təraqla qarşılamasının bir səbəbi də bu şairin həmin bu misradakı pedmetilə bağlıymış. Cənubdan söz düşəndə bu adam hər dəfə kövrələrmiş...

Deməli, o çağların bir-birilə nərd ortağı olan bir çox şair-şüərasından fərqli olaraq, Arazı özünə təxəllüs götürən, o çay üzərində tikilən (SSRİ-İran) su bəndi əhatəsindəki elektrik lampalarına işarətlə (və dəvəyə bənzətdiyi axara müraciətən) “İşıqlar da ayrılığa öyrəşəcək, Yükünü çək, dəvə qardaş, yükünü çək...” deyən Məmməd Arazla dərd ortağı, “Təbrizə yolum lal, cığırım kar” kimi özəl misralar müəllifi İslam Səfərli, daha o pərişan günlərinin və bu anım-axşamının yox, milli-müstəqil sabahların-axşamların xeyir!

Hərdən məclis-mərəkələrdə Nəqşi-cahan aləminin Tanrısal təbiət naxışlarından olan Batabat haqda da söhbət düşür. Onların birində öz qulağımla eşitmişəm ki, o təbiət möcüzəsindən “nitq irad edərkən” gapının sapını qaçıran bir oralıya qubalı bir dostu belə irad tutdu: “Ya sus, ya da İslam Səfərlinin “Batabat”ını söylə!”

Bir kərə də bir tele-müsahibədə şair özü söylədi ki, ömrünün elə bir ili və o illərin elə bir fəsli olmayıb ki, Batabat adlı o yaylaya... (gözlərində şimşək çaxımıyla davam elədi) o qışlaya, o yazlaya, o payızlaya səfər etməmiş olsun...

Bu şairin həyati işləri, xeyirxahlığa qədəmi də, belə demək mümkünsə, qələm işlərilə həmqafiyə olub. Necə ki Böyük Vətən müharibəsinə könüllü getmişdi, bütün yazdıqlarını da yalnız könlünün diktəsiylə yazıb. Nə təhər ki, doğulduğu kəndin adı Şəkərabad (Naxçıvan, Babək rayonu) idi, o təhər də əsərlərinin başlıqları teyxa şəkər dadır. “Qənd bala, nabat bala”, “Sevinc müjdəsi”, “Durna qatarı”, “Əsrin ürəyi”, “Təkərlər yollarda pıçıldayırdı”, “Sən oxu, mən dinləyim”, “Çiçək təranəsi”, “Yollara nur ələndi”, “Harayçın ollam”, “Araz yadıma düşdü”, “Ana dili”...

Haçan ki, hissləri coşub şeirə, qoşmaya sığışmazdı - poema kürsüsünə qalxardı: “Ələsgər”, “Ekizlər-ögeylər”, “Leylək əfsanəsi”. Haçan ki könlü təlatümə gələrdi, - aram-aram coşub, dram-dram səhnələyərdi: “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcında”, “Dədəgünəş əfsanəsi”...

Hələ onun bütün bəstəkarlara əl, xalqımızın qəlbinə yol eləyən mahnı mətnləri! Bunları saymaq mümkün olsa da, gərəyincə öymək hər tərənnümatçıya nəsib olası iş deyil. “Ana” mahnısının hər sözü adamı köz kimi isidər. Bəs, “Zərif gülüşlüm”, “Nə vaxta qaldı”, “Ay qaşı-gözü qara qız”, “Qonaq gəl bizə”, “Aylı gecələr”, “Gəncliyimi gəzirəm”, “Bakılı qız”?!.

1974-cü ildə - 51 yaşında dünyanı dəyişəndən bəri barəndə çox yazı çap olunub ki, bu da onlardan biri - ey hər səhər paytaxtımızın sabahını xeyirləyən şair!

Bu şəhərin son illər növrağı o dünyadan da görünürsə, o misranı belə səsləndirək: “Bakı, hər vaxtın xeyir!..”

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 6 noyabr.- S.  12.