Yaponiyanın Azərbaycandakı səfiri Tərcümə Mərkəzində olub

 

Noyabrın 4-də Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qurumun direktoru Afaq Məsud qonağı salamlayaraq, Azərbaycan oxucusunun yapon mədəniyyətinə və ədəbiyyatına olan marağından söz açıb: “Yaponiyanın aparıcı ədəbiyyatı həmişə Azərbaycanın diqqət mərkəzində olub. Akutaqava Rünoske, Yasunari Kavabata, Kendzi Maruyama, Yukio Misima, Haruki Murakami, Syüqoro Yamamoto, Kendzaburo Oe və digər bu kimi, görkəmli yapon yazıçılarının əsərləri dilimizə tərcümə olunaraq, Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalında və kitab formatında nəşr edilib. Hazırda mərkəz tanınmış Azərbaycan yazıçısı Elçinin tərcüməsində “Yapon hokkuları” kitabını nəşrə hazırlayır. Həmçinin, məşhur yapon ədibi Naruki Murakaminin əsərlərinin tərcümələrindən ibarət “Seçilmiş əsərlər” toplusu artıq nəşr prosesindədir. Bu il Yaponiya ədəbiyyatının korifeyi Akutaqava Rünoskenin əsərləri toplanmış “Tanrıların istehzası” kitabını nəşr etmişik. Dünyanın bir çox ölkələrinin ədəbiyyatlarının Azərbaycan dilinə tərcüməsini və nəşrini həyata keçirmiş mərkəz, Azərbaycan ədəbiyyatının da dünya dillərinə tərcüməsi və beynəlxalq müstəvidə tanıdılması istiqamətində çalışır. Artıq bir neçə dilə tərcümə edilmişMüasir Azərbaycan ədəbiyyat antologiyası”nın ayrı-ayrı ölkələrdə təqdimatı gözlənilir. Yaponiyaya gəlincə, burda məsələ bir qədər çətindir. Bildiyiniz kimi, yapon dilinin tədrisinə Azərbaycanda bir neçə ildir başlanılıb. Bu mənada, Azərbaycan dilində yazılmış bədii əsərin orijinaldan yapon dilinə birbaşa tərcüməsi uzun bir zaman kəsiyi tələb edən məsələdir. Lakin bu işə, yapon dilinə edilmiş sətri tərcümələr və köməkçi mətn kimi, əsərlərin rus, yaxud türk dilinə tərcümə olunmuş ədəbi mətnlərindən istifadə ilə başlaya bilərik. Sonrakı mərhələdə – əsərlərin yapon dilində bədii tərcüməsinin alınmasına bizə yapon tərcüməçiləri, bu işə marağı olan yazıçı və şairləri kömək edə bilərlər. Yaponiyaya ayaq açacaq Azərbaycan ədəbiyyatı, əminəm ki, ölkənizin Azərbaycana, onun dilinə, bu dilin tədrisinə olan marağını da artıracaq”.

Dəvətə görə təşəkkürünü bildirən diplomat Yaponiya ədəbiyyatına olan bu diqqəti hər iki ölkənin bir-birini yaxından tanıması, dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi istiqamətində atılan əhəmiyyətli addım kimi qiymətləndirərək, qaldırılan məsələlərə münasibətini açıqlayıb: “Bu gün Yaponiya ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələri qurulur. Bu əlaqələrin ədəbiyyat sahəsində də inkişaf etdirilməsi, hər iki xalqın mədəniyyəti arasında körpülərin qurulmasına geniş imkanlar aça bilər. Yapon ədəbiyyatına Azərbaycanda bu qədər diqqət ayrılması təqdirəlayiq hadisədir. Bədii ədəbiyyatların mübadiləsi sahəsində Rusiya ilə Yaponiya arasında bədii tərcüməçilik ənənələri artıq çoxdan mövcuddur. Azərbaycan ədəbiyyatına gəlincə, bu ədəbiyyatın Yaponiyada tanıdılması istiqamətində müəyyən işlər görülməlidir. İlk növbədə, yapon dilinin tədrisi istiqamətində tərcüməçilik ixtisasının formalaşdırılması vacibdir. Hazırda bu tədris, yalnız, dil mənimsənilməsi səviyyəsində qurulub. Bu mənada, Azərbaycanda yapon dilinə bədii tərcümə işinin qurulması, əlbəttə, uzun bir prosesdir. Dediyiniz kimi, ilk olaraq sətri tərcümədən başlamaq olar. Bu işə yapon mütəxəssislərinin, yaxud aidiyyəti qurumların cəlb edilməsi ilə bağlı müəyyən araşdırmalar aparılmalıdır. Bu işlə bağlı səfirlik mərkəzə mümkün köməklik göstərməyə hazırdır”.

Görüşün sonunda səfirə Tərcümə Mərkəzin nəşrlərindən olan Akutaqava Rünoskenin “Tanrıların istehzası” kitabı təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 6 noyabr.- S. 10.