Şəkidə
“Marxal” müalicə-istirahət kompleksinin inşası davam
edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Şəki rayonuna səfəri zamanı “Marxal” müalicə-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub. Kompleks rayonun Kiş kəndi yaxınlığında Böyük Qafqaz dağlarının cənub-qərb yamaclarında gözəl təbiət qoynunda inşa edilir.
Dövlət başçısının 2012-ci ildə imzaladığı sərəncamdan sonra başlayan inşaat işləri sürətlə davam etdirilir. Ərazisi 30 hektar olan kompleksdə 412 yerdən ibarət 178 otaqlı yeddimərtəbəli mehmanxana binası inşa olunur. Burada 126 birotaqlı, 52 ikiotaqlı nömrələr olacaq.
Kompleksdə 250 nəfərlik restoran, lobbi bar, 6 ticarət mağazası, 2 kinoteatr zalı, konfrans, uşaqlar üçün əyləncə zalları qonaqların ixtiyarında olacaq. Bundan əlavə, 600 nəfərlik restoran, 40 nəfərlik yay kafesi, həmçinin 164 yerlik 27 ikimərtəbəli kottec də olacaq.
Prezident hazır kotteclərdə yaradılan
şəraitlə də tanış olub. Kotteclərin hər
biri müasir standartlar səviyyəsində inşa olunub.
Burada yaradılacaq süni göl kompleksə xüsusi
yaraşıq verəcək. Kompleksin ərazisində
uşaqlar üçün su attraksionları və
böyük hovuz qurulacaq. Kompleks istifadəyə veriləndən
sonra burada müxtəlif əyləncə bölmələri
də fəaliyyət göstərəcək. Boulinq zalı,
mini futbol, tennis və basketbol meydançaları, 500 nəfərlik
amfiteatr, SPA mərkəzi, qapalı hovuz, sauna, fitnes zalı,
müxtəlif müalicə prosedurlarının
aparılacağı otaqlar kompleksin özəlliyini daha da
artırır. “Marxal” müalicə-istirahət kompleksinin
inşasının gələn il başa
çatdırılması nəzərdə tutulub. Kompleks
istifadəyə veriləndən sonra burada 310 nəfər
işlə təmin ediləcək.
Mədəniyyət.- 2015.- 6 noyabr.- S. 9.