Azərbaycanın
turizm imkanları Londonda nümayiş olunub
“World Travel Market” beynəlxalq turizm sərgisinə 180-dək ölkə qatılıb
Noyabrın 2-dən
5-dək Böyük Britaniyanın London şəhərində
Dünya Turizm Sərgisi (World Travel Market) keçirilib. Sərgidə
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə ölkəmiz də təmsil olunub.
Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, Azərbaycan Turizm Assosiasiyası (AZTA), “Şahdağ” Turizm Mərkəzi, Azərbaycan Konqreslər Bürosu, habelə “Boulevard hotel”, “Qafqaz” hotellər qrupu, “Four Seasons”, “Gilan turizm”, “Silkway travel”, “Turizm.az”, “AL travel”, “Atlas travel”, “Geo travel”, “Galaxy travel”, “Ata travel”, “The Tour”, “ENC tours” və “Delta group” şirkətlərinin təmsilçiləri daxildir.
Beynəlxalq sərgidə ölkəmizin turizm imkanları 104 kvadratmetr sahəsi olan stenddə təqdim edilib. Stendimizdə mədəniyyətimiz, tariximiz, eləcə də ölkəmizin görməli yerləri haqqında ingilis dilində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunub. Ziyarətçilərlə işgüzar görüşlər keçirilib və yerli turizm şirkətləri tərəfindən bir sıra əməkdaşlıq müqavilələri imzalanıb. Sərgi zamanı ölkəmizin stendini Ümumdünya Turizm Təşkilatının (BMÜTT) baş katibi Taleb Rifai də ziyarət edib və nümayəndə heyəti ilə görüşüb.
Sərginin ikinci günü “Məkan brendinqi: dəyişən bazarda yeni problemlər” adlı Ümumdünya Turizm Təşkilatının və Dünya Turizm Sərgisinin təşkilatçılığı ilə nazirlərin sammiti keçirilib.
Samitə 59 ölkədən nazir, vəzifəli şəxs, eləcə də ölkələrin rəsmi nümayəndələri qatılıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi də iştirak edib. Sammitdə qloballaşan media landşaftında uğurlu məkan brendinin yaradılması metodları, milli brendinq və məkan brendinqi arasındakı əlaqələr, məkan marketinqi təşkilatlarının dəyişməkdə olan rolu və bir sıra digər mühüm məsələlər müzakirə olunub.
Qeyd edək ki, “World Travel Market” sərgisi
dünya turizm sənayesində əhəmiyyətli yerə
malikdir. 2002-ci ildən başlayaraq Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyi və yerli turizm şirkətləri
13-cü dəfədir ki, “Dünya səyahət bazarı”
beynəlxalq turizm sərgisində iştirak edirlər. Sərgidə
180-dək ölkədən 9 minədək şirkət təmsil
olunub.
Mədəniyyət.- 2015.- 6
noyabr.- S. 9.