Sürgündən
sənətin zirvəsinə...
Xalq artisti Məmmədrza Şeyxzamanovun 100 illik yubileyi qeyd olundu
Ömür bir səhnədir
və hərənin də bir rolu var: oynayır və gedir.
Yadda qalıb-qalmamağı, uğur və ya
uğursuzluğu, acı və ya şirini ilə o
ömrü yaşayan bilir nə çəkib, nələrdən
keçdiyini. Kənardan baxana nə var ki, uzağı, ya qibtə
edəcək, ya da acıyacaq...
Onun həyatı, sənət ömrü, yaşantıları xatırlandıqca, özlüyümdə bir fikrə əmin oldum: bu adam sadəcə güclü olduğu üçün yox, həm də istedadı sayəsində həyat savaşından qalib çıxıb. Həqiqətən də, onu böyük səhnə, sənət eşqi bütün bəla və əzablardan xilas edib ovundurdu, bir növ, mükafatlandırdı. Gec olsa belə...
Bəli, görkəmli teatr və kino aktyoru Məmmədrza Şeyxzamanov əbədi ömürlüyünün 100-cü ildönümündə də eyni sözlər və xatirələrin işığında anıldı. Səhnə, sənət ecazkarlığının solmayan təravətində yenidən pərdələr onun üçün açıldı, illərini verdiyi səhnədən yenidən onun foto və video yaddaşdakı obrazları dilə gəldi, adət etdiyi gur alqışları yenidən “duydu”.
Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti, Dövlət mükafatı laureatı Məmmədrza Şeyxzamanovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirin iştirakçıları əvvəlcə unudulmaz aktyorun zəngin yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.
Sonra alqışlarla səhnə açıldı və beləcə, 100 ilin anları bir-bir sadalandı. İstər rol aldığı tamaşa və kinofilmlərdən kadrlar canlandıqca, istərsə də sənət dostlarının xatirələri dilə gəldikcə kövrək insan, istedadlı aktyor, həyatsevərliyini bir an belə itirməyən və haqlı mübarizəsində bütün maneələri aşaraq qalib gəlməyi bacaran bir kişi, sənətkar ömrü bütövləşdi...
Məhrumiyyətlər, atasızlıq yüklü uşaqlıq, repressiya bəlalı yeniyetməlik, sürgün əzablı gənclik və bütünlükdə səhnə üçün fəda olan ömrün anları xatırlandıqca tamaşaçı alqışları altında böyük sənətkara sevgi və ehtiram ifadə olundu. Təsadüfi deyil ki, hamımıza yaxşı tanış olan, kinofilmlərdən yaddaşımızda təzə-tər qalan, yaratdığı səhnə obrazları ilə teatr tariximizi daha da zənginləşdirən Məmmədrza Şeyxzamanov rəngarəng obrazlar qalereyası sayəsində bu gün də eyni şövqlə sevilir.
Gecədə sənətkarın keşməkeşli ömrü, 19 yaşından peşəkar teatrda fəaliyyəti, müxtəlif səpkili rolları ilə qısa zamanda sevilməsi həyatından müəyyən məqamların xatırlanması ilə diqqətə çatdırıldı. Sonra uzun sürməyən sənət uğuru, qurduğu gənc ailə ilə birgə uzaq və soyuq Qazaxıstanda keçən 14 illik sürgünlük həyatı, ağır yaşam şərtlərində övladlarını itirməsi, bəraət almasına baxmayaraq, bunun ondan gizlədilməsi və beləcə, məcbur olaraq sürgündən qaçması barədə ağır həyat həqiqətləri dilə gəldi.
Sürgündən qayıdan aktyordan üz döndərənlərin münasibəti, bir müddət teatrsız, səhnəsiz qalması, ağrılarının yalnız 1954-cü ildə - Akademik Milli Dram Teatrında aktyor ştatına işə götürülməsi ilə özünə məlhəm tapması qeyd olundu.
Beləcə, ömrünün sonunadək bu sənət ocağının səhnəsində, eləcə də kinofilmlərdə, teletamaşalar, televiziya və radio verilişlərindəki yaddaqalan obrazları sadalandı. Bildirildi ki, onun fərqli ifa və səs tembrinə malik olması, obrazı dərindən duyma və ifa bacarığı bu qədər sevilməyinə vəsilə olub.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru, Xalq artisti Azərpaşa Nemətov unudulmaz sənətkar haqqında xatirələrini bölüşərək onun səhnə məharətindən, yaratdığı parlaq obrazlardan və insani keyfiyyətlərindən söz açdı.
Xalq artistləri Ağakişi Kazımov, Ramiz Məlik, Hacı İsmayılov, kinoaktyor və rejissor, Əməkdar artist Elxan Qasımov sənətkarın həm həyatda, həm də səhnədə bir insan kimi qayğıkeşliyindən danışdılar, xatirələrini bölüşdülər. Fərqli oyun üslubu olan sənətkarın istənilən rolunda ayrı bir ecaz yaratdığı vurğulandı.
Sonda sənətkarın qızı Afaq Şeyxzamanova səhnəyə çıxaraq atasına göstərilən sevgi və ehtirama görə təşkilatçı və iştirakçılara təşəkkürünü bildirdi.
Həmidə
Mədəniyyət.- 2015.- 6 noyabr.-
S. 5.