Xalq rəssamı
Elbəy Rzaquliyevin yaradıcılıq dünyası
Milli rəssamlıq
sənətimizin görkəmli nümayəndəsi, peşəkar
kino rəssamı, yaradıcılığında kino rəssamlığı,
rəngkarlıq və qrafika sahələrinin özəlliklərini
və incəliklərini xüsusi məharətlə birləşdirərək
kamil əsərlər yaratmış sənətkar barədə
söz açmaq istəyirik. O, Azərbaycanın Xalq rəssamı
Elbəy Rzaquliyevdir (1926-2007).
Elbəy Mirzə Həsən oğlu Rzaquliyev 1926-cı ildə Bakıda anadan olub. Atasının sənət adamları ilə tanışlığı və münasibətləri balaca Elbəydə kiçik yaşlarından sənətə xüsusi maraq oyadıb. E.Rzaquliyev 1946-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra təhsilini Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib (1946-1953). Orada dövrün tanınmış rəssamları və pedaqoqları olan Q.Şeqal, F.Pimenov, M.Boqdanov və A.Dixtiyardan kino rəssamlığı sənətinin incəliklərini öyrənib. Təhsilini başa vurub vətənə dönən gənc rəssam 1953-cü ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb. Elbəy Rzaquliyev həmçinin on il (1977-1987) Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin katibi olub.
Rəssamın çoxşaxəli yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi (1964) və Xalq rəssamı (1977) fəxri adlarına, eləcə də SSRİ Rəssamlıq Akademiyasının diplomuna (1974), Dövlət mükafatı (1986) və müstəqillik illərində ulu öndər Heydər Əliyevin sərəncamı ilə “Şöhrət” ordeninə (1998) layiq görülüb.
E.Rzaquliyevin yaratdığı sənət tabloları bir çox muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Rəssam dəfələrlə xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub: Meksika (1959), Rumıniya, İtaliya (1960), Hindistan, Tailand, Yaponiya (1962), ABŞ (1963), Türkiyə, Suriya, Yəmən, Küveyt, İordaniya (1965), Hindistan (1978), İsveçrə (1980), Nepal (1983), Lüksemburq (1984), Almaniya (1995) və s. Onun 1960-cı ildə “Meksikada” adlı sərgisi Bakıda və Moskvada, 1965-ci ildə “Şərq ölkələrində” sərgisi Bakıda və Moskvada nümayiş olunub. 1967-ci ildə Moskvada və Kaunasda, 1989-cu ildə Moskvada, 2006-cı ildə isə Bakıda fərdi sərgiləri təşkil olunub.
İstedadlı kino rəssamı kimi E.Rzaquliyev bir çox filmlərə bədii quruluş verib, obrazların geyim eskizlərini hazırlayıb. Nə qədər qəribə görünsə də, sevilərək seyr edilən bir çox bədii filmlərin daha baxımlı olması, süjet xəttinin açılmasına xidmət edən məkanın seçilməsi və qurulması, obrazların filmin ideya qayəsi ilə səsləşən geyim eskizlərinin hazırlanması və s. cəhətdən dolğun alınmasında gərgin yaradıcılıq əməyi sərf edən quruluşçu rəssamın əməyi yada salınmır və ya unudulur.
Filmin ərsəyə gəlməsində sadalanan xüsusiyyətləri nəzərə alsaq, bəzən rejissordan heç də az yaradıcılıq əməyi sərf etməyən rəssamın işinin nədən ibarət olduğu aydın olar. Təbii ki, E.Rzaquliyev kino rəssamı idi və onun əsasən bədii filmlərdəki yaradıcılıq uğurları və bir çox filmlərə verdiyi bədii quruluş həlli rəssamın hərtərəfli elmi-bədii yaradıcılıq potensialına və güclü yaradıcılıq dünyasına malik olmasından irəli gəlirdi.
Rəssamın üzərində çalışdığı ekran əsərlərindən “Onun böyük ürəyi” (1958), “Ögey ana” (1958) (Məmməd Hüseynovla birgə), “Telefonçu qız” (1962), “Möcüzələr adası” (1963), “Arşın mal alan” (1965), “Uşaqlığın son gecəsi” (1968), “Sevil” (1970), “Gün keçdi” (1971), “Skripkanın sərgüzəşti” (1972), “Bakıda küləklər əsir” (1974), “Tütək səsi” (1975), “Arxadan vurulan zərbə” (1977), “Vulkana doğru” (1977), “Onun bəlalı sevgisi” (1980), “Musiqi müəllimi” (1983) və eləcə də başqa müəlliflərlə birgə bədii quruluş verdiyi digər filmləri qeyd etmək olar. Müəllifin coşqun yaradıcılıq eşqi ilə bədii tərtibat verdiyi filmlərə baxarkən rəssamın hansı yaradıcılıq proseslərindən keçdiyini və gərgin yaradıcılıq axtarışları hesabına ərsəyə gətirdiyi səhnələrin bədii tərtibatının əsl estetik zövq mənbəyi olduğunu qeyd edə bilərik.
E.Rzaquliyev kino rəssamlığı ilə bərabər çoxsaylı rəngkarlıq və qrafika nümunələri də yaradıb. Rəssamın əsərlərinin bir çoxu sovet ideoloji xəttinin təsiri ilə yaradılsa da, texniki işlənmə xüsusiyyətləri baxımından və mövzunun ustalıqla şərhinə görə və kamil sənət nümunələri olaraq bu gün də diqqəti cəlb edir. E.Rzaquliyevin Abşerona həsr etdiyi əsərlər bədii təhlil və sənətkarlıq nöqteyi-nəzərindən yüksək qiymətə layiqdir. Onun rəngkarlıq əsərlərinə misal olaraq, “Şirvanşahlar sarayı” (1972), “Mavi eyvan” (1974), “Bakıda qədim küçə” (1974), “Abşeronda” (1974), “Abşeronda qədim hamam” (1974), “Abşeron” (1975), “Üzeyir Hacıbəylinin dünyası ” (1976), “Mirzə Ələkbər Sabir” (1977), “Novruz bayramı” (1987), “Adsız” (1991) və s. qeyd etmək olar.
O, İçərişəhərdə dünyaya göz açmışdı. Yaddaşına hopmuş İçərişəhərin nostalji xatirələri və boya-başa çatdığı Abşeronun füsunkar mənzərələri rəssamın yaradıcılığında qırmızı xətt kimi keçir. Rəssam natürmortlarında da bu incəlikləri xüsusi məhəbbətlə tərənnüm etməkdən doymurdu. Gülləri, güllərin rəng keçidlərini, onların təravətini, incəliyini və yaratdıqları auranı incə rəssam qəlbi ilə duyaraq təsvir edirdi. Ümumiyyətlə, onun yaradıcılığında natürmort janrı xüsusi yer tutur. Bu qəbildən əsərlərə nümunə olaraq “Qumlar fonunda kuzə” (1977), “Qırmızı və ağ qızılgüllər” (1978), “Ağ qızılgüllər” (1978), “Qərənfillər” (1978), “Bənövşələr və qərənfillər” (1978), “Şərq natürmortu” (1983), “Şərq silahları” (1985) və başqalarını göstərmək olar.
Qeyd etdiyimiz kimi, E.Rzaquliyev dünyanın bir çox ölkələrində yaradıcılıq ezamiyyətlərində olub və bu səfərlərin nəticəsi olaraq rəsmlər, eskizlər, etüdlərlə vətənə dönərək sonradan təəssüratları nəticəsində tamaşaçı və sənətsevərlərin yüksək marağına səbəb olan sənət nümunələri yaradıb. Rəssam səfər etdiyi ölkənin mədəniyyətini dərindən müşahidə edərək, o ölkənin rəssamlıq ənənələrinə uyğun sənət inciləri yaratmağa çalışıb. “Meksika silsiləsindən” (1959-1960) yaratdığı “Meksikalı qızlar”, “Meksikalı”, “Meydanda”, “Meksikalılar kilsə önündə”, “Meksika insanları”, “Ərəb silsiləsindən” (1965-1966) olan “Məscid”, “Yəmənli əsgər”, “Suriyada kənd”, “Ömər məscidi önündə”, “Qırmızı çalmalı ərəb”, “Ədəndə səhər namazı”, “Yerusəlimdə məscid”, “Hindistan silsiləsindən” (1977-1978) “Hindistan memarlıq abidəsi”, “Dehli”, “Tac-Mahal”, “Yaponiya silsiləsindən” (1695) “Fudziyama dağı”, “Atelyedə”, “Çətirlər. Nikkedə yağış” və başqa ölkələrə həsr edilmiş rəngkarlıq və qrafika əsərləri bu qəbildəndir. Sadalanan əsərlərin hər biri yüksək bədii-estetik mahiyyəti, texniki işlənmə xüsusiyyətlərinə görə və mükəmməlliyi ilə diqqəti cəlb edir.
2007-ci ildə dünyasını dəyişən E.Rzaquliyev onu tanıyan sənət adamları tərəfindən hörmətlə yada salınır. Görkəmli rəssam öz yaradıcılıq aləmi ilə Azərbaycan təsviri sənət tarixində əbədi yaşayacaqdır.
Əsəd
Quliyev,
sənətşünas,
AMEA-nın dissertantı, Rəssamlar İttifaqının
üzvü
Mədəniyyət.- 2015.- 11
noyabr.- S. 13.