Sağlamlıq və istirahət bir arada

 

Turizm şirkətləri və media nümayəndələrinin Naftalana infoturu

 

Noyabrın 7-8-də Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının və “Naftalan Hotel by Rixos” Sağlamlıq və İstirahət Mərkəzinin təşkilatçılığı ilə Naftalan şəhərinə infotur keçirildi. Səfərin məqsədi Naftalanın turizm imkanlarının turist şirkətlərinə və media nümayəndələrinə tanıdılması və təbliğ edilməsi idi. İnfoturda ölkəmizin turizm şirkətləri və media nümayəndələri iştirak edirdi.

 

“Bu məlhəm varsa, heç bir yaradan qorxma”

 

Naftalan neftinin bir çox dəri xəstəliklərinə məlhəm olması qədimlərdən məlum idi. Tarixi mənbələrdə bu möcüzəvi məhlulun müalicə məqsədilə istifadə olunmasına dair məlumatlar XII əsrə təsadüf edir. Bu neftin texniki istismarına isə XIX əsrin 70-ci illərindən başlanılıb. 1892-ci ildə alman mühəndisi Y.İ.Eger ilk dəfə Naftalanda neft çıxarmaq üçün buruq qazdırır. Hətta o, Naftalan neftindən maz almaq üçün burada kiçik bir zavod da tikdirir. Həmin zavodda “Naftalan” və “Kojelon” adlı preparatlar hazırlanırdı. Bu preparatlar Yaponiyadan Amerikayadək müxtəlif ölkələrə satılırdı. Tarixi faktlardan o da məlumdur ki, 1904-1905-ci illərdə rus-yapon müharibəsi zamanı əsir düşən yapon əsgərlərinin tibbi çantalarında Naftalan mazı ilə dolu bankalar tapılıb. Həmin bankaların üzərində belə yazılmışdı: “Kimin əlində bu məlhəm varsa, heç bir yaradan qorxmasın”.

Naftalanda ilk kurort 1933-cü ildə fəaliyyətə başlayıb. Kurortun əsas inkişafı isə 1970-1980-ci illərə təsadüf edir. Hər il Naftalanda SSRİ məkanından on minlərlə insan müalicə olunurdu.

 

Dünya səviyyəli kurort mərkəzi

 

İnfotur iştirakçıları əvvəlcə “Naftalan Hotel by Rixos” sağlamlıq və istirahət mərkəzi ilə tanış oldular. Mərkəz öz müasirliyi və yüksək xidmətləri ilə fərqlənir. Məlumat verildi ki, hotelin təməli 2008-ci ildə qoyulub. Səkkiz hektardan çox ərazisi olan hotel 200 yerlikdir. Burada Naftalan terapiyası ilə yanaşı, SPA terapiya, fizioterapiya və reabilitasiya, o cümlədən fitnes bölmələri fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunur.

Hoteldə su proseduraları korpusu da yaradılıb ki, bu da özündə üzgüçülük hovuzunu, yod-brom vannasını, sualtı idman hərəkətləri hovuzunu, sauna və digər bölmələri birləşdirir. Müxtəlif əyləncə bölmələrinin də olduğu hoteldə trenajor zalı, günəş vannası terrası və fəvvarələr kompleksi var. Hoteldə hazırda dünya şöhrətli “Rixos” qrupunun nəzarəti altında 200 nəfərədək işçi çalışır. Heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Hoteldə yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir.

 

“Naftalan neftinin dünyada analoqu yoxdur”

 

Sonra infotur iştirakçıları Naftalan nefti ilə həyata keçirilən müalicə üsulları ilə tanış oldular. Neftin müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyəti haqqında məlumat verildi.

Mərkəzin baş həkimi Şahin Babayev bildirdi ki, burada xəstələrə Naftalan nefti ilə kompleks müalicə prosedurları təklif edilir. Xəstə bütün növ müayinələrdən keçdikdən sonra nəticələrə uyğun olaraq müalicə kursları başlayır: “Naftalan nefti yaraların, dəri, sinir, uroloji və ginekoloji xəstəliklərin, həmçinin qaraciyər, oynaqların və oynaq ətrafında yumşaq toxumaların, dayaq-hərəkət aparatının müalicəsi üçün çox səmərəli vasitədir. Eyni zamanda bu müalicə vasitəsinin əks-göstəriciləri də var. Ürək-damar sistemi, onkoloji, psixi xəstəliklərdə Naftalan vannası qəbul etmək olmaz”.

Baş həkim deyir ki, istifadə olunmuş neft filtrlərdən keçirilir, tərkibi əlavə qatqılardan təmizləndikdən sonra generator tankı adlanan qurğuda bir müddət qalır, orada öz müalicəvi funksiyasını bərpa edir, sonra isə təkrar istifadəyə verilir: “Naftalan neftinin əsas müalicəvi xüsusiyyəti onun tərkibində olan naften hidrokarbonatları ilə bağlıdır. Bu hidrokarbonatlar bir çox sahələrə təsir edir. Əsasən də orqanizmin immun sistemini bərpa edir. Naftalan neftinin dünyanın heç bir yerində analoqu yoxdur. Bu neftin tərkibində benzin, kerosin kimi yanar maddələr olmadığına görə yanmır”.

 

Xarici turistlərin sayı artmaqdadır

 

İnfotur çərçivəsində ölkəmizin sağlamlıq turizminə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə bu sahədə mövcud vəziyyət, qarşıda duran hədəflər və problemlər ətrafında fikir mübadiləsi aparıldı, həyata keçirilən layihələrdən söhbət açıldı.

Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun baş məsləhətçisi Türkan Rüstəmova infotur haqqında məlumat verdi. Bildirdi ki, bu cür layihələr ölkəmizdə turizmin inkişafına öz töhfəsini verməkdədir.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev bildirdi ki, infoturun keçirilməsində əsas məqsəd Naftalan şəhərinin və eyni zamanda ölkəmizin sağlamlıq turizmi potensialının daha geniş auditoriyada tanıtmaq, bu sahəyə marağı artırmaqdır. Azərbaycanda sağlamlıq turizminin imkanlarından daha geniş şəkildə istifadə etmək, Naftalan şəhərini sağlamlıq turizmi sahəsində brendə çevirmək və ilin bütün fəsillərində bu sahəni aktual etmək qarşımızda duran əsas hədəflərdən biridir. Sağlamlıq turizmində böyük perspektivləri olan Naftalan şəhərinin dünyada tanıdılması vacib məsələdir. Bunun üçün də xarici ölkələrdə keçirilən sərgilərə qatılmaq və turizm şirkətləri ilə sıx əməkdaşlıq etmək lazımdır.

Naftalan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı Tahirə Aslanova rayonda fəaliyyət göstərən turizm obyekti, kurortlar haqqında danışdı. Qeyd etdi ki, şəhərdə Əlillərin Bərpa Mərkəzi, “Naftalan Hotel by Rixos”, “Çinar” sanatoriyası və s. fəaliyyət göstərir: “İl ərzində Naftalana 15 minədək turist gəlir. Onların təxminən 3500-ü əcnəbilərdir. Son dövrlər xarici turistlərin sayı artmaqdadır. Qazaxıstan, Rusiya, Türkiyə, Çin kimi ölkələrdən gələnlər üstünlük təşkil edir”.

Mərkəzin baş həkimi Şahin Babayev Naftalan şəhərinin turizm potensialının geniş olduğunu vurğuladı. Həmçinin Naftalan nefti ilə həyata keçirilən müalicə üsulları, onun müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyəti haqqında məlumat verdi.

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov, “SKAL Baku” Klubunun vitse-prezidenti Ceyhun Aşurov və başqaları çıxış edərək ölkəmizdə turizm sahəsinə göstərilən dövlət qayğısından və turizmin inkişaf meyllərindən danışdılar.

Azərbaycan Turizm və Menecment Universitetinin müəllimləri İlkin Əhmədov “Azərbaycan turizminin tarixi, inkişafı və perspektivləri” və İlhamə Zeynalova “Müalicəvi və sağlamlaşdırma turizmi” adlı təqdimatlarla çıxış etdilər.

İnfoturda iştirak edən media və turizm şirkətlərinin nümayəndələrinə ölkəmizin turizm potensialının tanıdılmasında fəal iştiraka görə sertifikatlar verildi.

Noyabrın 8-də infotur iştirakçıları Naftalan şəhərinin turizm potensialı, mədəni həyatı, mövcud infrastrukturu ilə tanış oldular, Heydər Əliyev Mərkəzi, şəhərin istirahət parkları və mədəniyyət ocaqlarına baş çəkdilər.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 11 noyabr.- S. 9.