İstanbul kitab sərgisində
Azərbaycan guşəsi maraqla qarşılanıb
Milli stendimizdə 600 adda kitab, albom və digər çap nümunələri təqdim olunub
Noyabrın 7-də
İstanbulun TÜYAP sərgi mərkəzində işə
başlayan 34-cü beynəlxalq kitab sərgisində Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə ölkəmiz də uğurla təmsil olunub. 30 ölkədən
700-dək nəşriyyatın iştirak etdiyi sərgidə tərtibatı
və mövzu zənginliyi ilə fərqlənən milli
stendimiz ilk gündən kitabsevərlərin ən çox
üz tutduqları məkanlardan birinə çevrilib.
Azərbaycan guşəsində Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, “Kaspi” Şirkətlər Qrupu, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, “Hədəf”, “XAN” və “Qələm” nəşriyyatları, eləcə də Türkiyədə fəaliyyət göstərən “Araz yayınçılıq” kitab evinin nəşrləri nümayiş olunub. Stendimizdə ümumilikdə 600 adda kitab, albom və digər çap nümunələri yer alıb.
Milli stendimizdə ölkəmizin tarixi, bugünkü inkişafı barədə geniş təəssürat yaradan nəşrlər, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran nəfis tərtibatlı çap məhsulları, Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrindən bəhs edən kitablar sərgilənib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən nəşrlər, ölkəmizin tarixi, mədəni irsi və turizm imkanlarını təbliğ edən kitablar təqdim olunub.
Dörd gün ərzində minlərlə kitabsevər Azərbaycan stendində ölkəmiz, tarixi-mədəni irsimiz, milli ədəbiyyatımız haqqında geniş məlumat əldə ediblər. Azərbaycan ədəbiyyatı nümunələrinin əksəriyyəti Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən latın qrafikalı əlifba ilə Azərbaycan dilində çap olunan kitablardır.
Qonaqlara təqdim edilən turizm nəşrləri, bukletlər, Azərbaycan mətbəxi haqqında çap məhsulları da xüsusi maraq doğurub. Azərbaycan, türk və rus dillərində Hüseyn Cavid yaradıcılığına dair nəşrlər, Cəlil Məmmədquluzadə, “Kitabi-Dədə Qorqud”, Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyaları da geniş oxucu marağına səbəb olub.
Mədəniyyət və Turizm Nazirliyi ilə "XAN" nəşriyyatının ortaq layihəsi çərçivəsində işıq üzü görən "Yazıçılarımızı dünyaya tanıdaq" adlı ingilis dilində kitab dəsti sərgidə xüsusi rəğbət görüb. Kitab dəstinə görkəmli ədiblərimiz haqqında 20 nəfis tərtibatlı nəşr daxildir. Azərbaycan stendində kitab dəstinin təqdimatı da keçirilib. Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar nəşr olunan və ilk dəfə sərgiyə çıxarılan beşcildlik də guşəmizin diqqətçəkən çap məhsullarından olub.
Noyabrın 10-da 34-cü İstanbul beynəlxalq kitab sərgisi işini başa vurub. Dünyanın ən nüfuzlu kitab nümayişi məkanlarından olan İstanbul sərgisinin builki rəsmi qonağı Rumıniya idi. Ümumilikdə TÜYAP mərkəzində xarici ölkələrin 80-dən çox nəşriyyatının çap nümunələri nümayiş olunub.
Sərgidə ölkəmizin layiqincə təmsil
olunması, kitablarımızın böyük maraq görməsi
Azərbaycanda nəşriyyat işinin, kitab sənəti və
poliqrafiya sahəsinin inkişaf səviyyəsini, nəşriyyatlarımızın
dünya kitab bazarına uğurla daxil olduğunu, beynəlxalq
əlaqələrinin genişləndiyini bir daha sübut edir.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
və dəstəyi ilə nəşriyyatlarımız 2008-ci
ildən mütəmadi olaraq İstanbul sərgisində
iştirak edirlər.
Mədəniyyət.- 2015.- 11
noyabr.- S. 8.