Mətbəximiz amerikalı tələbələrin təqdimatında

 

ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərən Harbor Kollecində Azərbaycan milli mətbəxinin təbliğinə dair geniş tədbir keçirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi ilə təşkil edilmiş tədbirdə kollecin kulinariya ixtisasının müəllim-tələbə kollektivi Azərbaycan milli mətbəxinə məxsus müxtəlif yemək və şirniyyat növlərini hazırlayaraq qonaqlara təqdim ediblər.

Tədbirdə Los-Anceles sakinləri, kulinariya tədqiqatçıları və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.

Baş konsulluğun vitse-konsulu Rafiq Rüstəmov belə bir önəmli təşəbbüsə görə Harbor Kollecinin kollektivinə təşəkkürünü bildirib.

Los-Ancelesdən olan jurnalist, Azərbaycan mədəniyyətinin dostu Nensi Pörlman çıxış edərək milli mətbəximizin zənginliyi barədə təəssüratlarını bölüşüb.

Sonra kollecin əməkdaşı, tanınmış kulinariya ustası Covanni Delrosarionun rəhbərliyi ilə gənc aşpazlar tərəfindən Azərbaycan milli mətbəxindən 9 adda yemək və şirniyyatlardan ibarət müxtəlif təamlar qonaqlara təqdim olunub. Tədbirdə Los-Ancelesdə yaşayan soydaşlarımızdan tar ifaçısı və vokalçı Vahid Bayat pianonun müşayiəti ilə Azərbaycan musiqisindən əsərlər ifa edib və xalq mahnılarımızdan nümunələr səsləndirib.

Qonaqlar tərəfindən böyük maraqla qarşılanan tədbirin sonunda kulinar C.Delrosarioya və onun tələbələrinə baş konsulluq tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 11 noyabr.- S. 8.