Xalq artisti Afaq Bəşirqızı 60 illik yubileyini səhnədə qeyd edib

 

“Həyatını sənətə həsr etmiş insan üçün bu zirvədə olmaq ikiqat məsuliyyətlidir”

 

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti Afaq Bəşirqızı 60 illik yubileyini səhnədə qeyd edib. Noyabrın 7-də keçirilən yubiley tədbiri çərçivəsində Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunub.

 

Tamaşaçılar əvvəlcə teatrın foyesində Bəşir Səfəroğlu və Afaq Bəşirqızının sənət dünyasından bəhs edən fotosərgi ilə tanış olublar.

Səhnə əsərinin nümayişindən əvvəl jurnalistlərə müsahibə verən yubilyar gecənin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Deyib ki, bu, əslində onun tamaşaçılarla görüşünə bir bəhanədir. Ömrünün qalan hissəsini də Azərbaycan teatrına, mədəniyyətinə həsr edəcəyini söyləyən Afaq Bəşirqızı bu yolda var qüvvəsini səfərbər etməyə hazır olduğunu vurğulayıb: “60 yaş insan ömrünün müdriklik zirvəsidir. Xüsusilə də bütün həyatını sənətə həsr etmiş insan üçün belə bir zirvədə olmaq ikiqat məsuliyyət hissi yaradır”.

Sonra günümüzün reallıqlarını əks etdirən, gülməli olduğu qədər də kədər doğuran “Toya bir gün qalmış” tamaşası nümayiş olunub. Tamaşada yubilyar baş qəhrəmanı - Qadın obrazını canlandırıb.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Nabat Səmədova, rejissor assistenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, rolları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa ediblər.

Gözlənilməz situasiyalarla dolu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası, Xalq artisti Ənvər Sadıqov ifa edib. O, eyni zamanda tamaşanın musiqi rəhbəridir.

İlk rollarından özünü istedadlı, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan aktrisa kimi göstərərək, tamaşaçıların dərin rəğbətini qazanan Afaq Bəşirqızı yubiley gecəsində canlandırdığı obrazı ilə bir daha sənətdə nəyə qadir olduğunu sübut edib. Tamaşa yubilyara ünvanlanan alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 11 noyabr.- S. 7.