Almaniyada “4.1 Şəhər Motivləri” bədii filminin premyerası

 

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “4.1 Şəhər Motivləri” bədii filminin beynəlxalq premyerası gerçəkləşib. Kinostudiyadan bildiriblər ki, Almaniyada keçirilən 25-ci “Cottbus” beynəlxalq film festivalının “Focus” proqramı çərçivəsində reallaşan təqdimatda filmin yaradıcı heyəti də iştirak edib.

Xaricdə ali kino təhsili almış beş gənc iddialı rejissorun lentə aldığı kinoalmanaxda Bakının beş fərqli təsviri əks olunub.

Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olan layihəyə rejissor Anar Abbasovun “Qonşu qadın”, Rüfət Həsənovun “Kədərim”, Timur İsmailovun “Yuxarıda və aşağıda”, Cəfər Axundzadənin “Dmitrov küçəsi 86” və Vüqar İslamzadənin “Zabit şərəfi” filmləri daxildir.

Kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir.

 

Mədəniyyət.- 2015.- 11 noyabr.- S. 7.