Bakıda beynəlxalq kukla biennalesi başa çatdı

 

Yaponiyalı kukla ustası öz əsərlərini “Kukla” art qalereyasına hədiyyə etdi

 

Noyabrın 5-dən 10-dək Bakıda keçirilən “Fusion Doll” III Beynəlxalq Kukla Biennalesi başa çatdı. Mədəniyyət və Turizm Nazirliyi, “Kukla” art qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgidə ölkəmizlə yanaşı, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Estoniya və Yaponiyanın kukla ustaları iştirak edirdi.

 

Maraqlı sənət nümunələrinin təqdim olunduğu biennalenin sonuncu günü də yaddaqalan oldu. Yaponiyalı kukla ustası Mari Şimizu biennaleyə gətirdiyi əl işlərindən üçünü “Kukla” art qalereyasına hədiyyə etdi.

Mari Şimizu bildirdi ki, təqdim edilən əsərlər qədim yapon mədəniyyətini əks etdirən geyşa (geisha), müasir yapon qızı və ənənəvi yapon geyimi kimonoda olan xanım kukla nümunələridir. Qeyd olundu ki, əsərləri Azərbaycana hədiyyə etməkdə məqsədi ölkəmizdə Yaponiya haqqında təsəvvürlərin daha da dolğun olmasına töhfə verməkdir. Kukla ustası onu da bildirdi ki, geyşa kuklasının bütün aksessuarları çox qədim parça və məmulatlardan hazırlanıb. Kuklanın əynindəki kimono 150 illik parçadan tikilib.

M.Şimizu ölkəsinə qayıtdıqdan sonra orada fəaliyyət göstərən kukla qalereyalarına Azərbaycanda bu sənətin nə dərəcədə yüksək inkişaf etməsi barədə məlumat verəcəyini də vurğuladı. O, “Kukla” art qalereyasının rəhbəri Lalə Kazımovanı Tokio şəhərinə kukla sənəti qalereyaları ilə tanışlığa və Azərbaycan kukla ustalarının əsərlərini tanıtmağa dəvət etdi.

Lalə Kazımova “Kukla” art qalereyasına təqdim edilən əsərlərə görə müəllifə təşəkkürünü bildirdi. Qalereyada yaponiyalı müəllifin də əl işinin yer almasından məmnunluğunu ifadə etdi.

Qeyd olundu ki, budəfəki biennaleni ziyarət edə bilməyən şəhər sakinləri onun bir parçası olan yaponiyalı müəllifin əsərlərini qalereyada görəcək və yapon mədəniyyəti haqqında zəngin təəssürat alacaqlar. Qalereya rəhbəri həmçinin bildirdi ki, “Fusion Doll” Bakı Beynəlxalq Kukla Biennalesində Yaponiya ilk dəfə təmsil olunur: “Mari Şimizunun işləri ilə tanış olarkən onun əsərlərindən heç olmasa birini qalereya üçün almağı düşünürdük. Lakin təsadüf elə gətirdi ki, kuklaçı rəssam özü əsərlərini bizə hədiyyə etdi. Bu kuklalar qalereyamızı daha da zənginləşdirəcək və ziyarətçilərimiz bu vəsilə ilə yapon kukla sənəti ilə tanış olacaqlar”.

Lalə Kazımova “Fusion Doll” III Bakı Beynəlxalq Kukla Biennalesinin uğurla keçdiyini diqqətə çatdırdı: “Sərgini ziyarət edənlərin sırasında məktəblilərin sayının çox olması sevindirici haldır. Bu sənət hədsiz dərəcədə incə və fəlsəfi bir sənətdir. Uşaqların estetik zövqünün formalaşmasına da müsbət təsir göstərəcək. İki ildə bir dəfə keçirilən biennale böyük marağa səbəb olursa, bu, təşkilatçıları sevindirir”.

 

L.Azəri

 

Mədəniyyət.- 2015.- 11 noyabr.- S. 5.