“Bakı sübhdən günbatanadək” Almaniyada nümayiş olunub

 

Almaniyada keçirilən 25-ci “Cottbus” beynəlxalq kinofestivalında “Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filmi də iştirak edib. Filmin prodüserlərindən Fariz Əhmədov bildirib ki, ekran əsəri festival çərçivəsində iki dəfə - noyabrın 6-da və 7-də nümayiş olunub.

Polşa və Azərbaycan kinematoqrafçılarının birgə istehsalı olan tammetrajlı sənədli filmi 2014-cü ildə “Dünya sübhdən günbatanadək” layihəsi çərçivəsində çəkilib. Miroslav Dembinski və Maçyej Driqas tərəfindən yaradılmış orijinal layihə dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbələrinə və gənc rejissorlara silsilə seminarların keçirilməsinə əsaslanır və bir neçə həftəlik kurs müddətində ərsəyə gəlib. Layihə çərçivəsində 14 gənc rejissor Bakı həyatından 18 hissə lentə alıb. Film Bakı şəhərinin ruhunu özündə əks etdirir.

Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və “Azanfilm” studiyasıdır.

Qeyd edək ki, “Bakı sübhdən günbatanadək” sənədli filmi bu ilin sentyabrında Kazan şəhərində keçirilmiş beynəlxalq kinofestivalda müsabiqə proqramında iştirak edib.

 

Mədəniyyət.- 2015.- 11 noyabr.- S. 5.