Musiqidə
yaşanan ömür
Tofiq Quliyevin xatirəsinə həsr edilmiş elmi-praktik konfrans
Noyabrın 6-da Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, bəstəkar, Xalq artisti Tofiq Quliyevin (1917-2000) xatirəsinə həsr edilmiş elmi-praktik konfrans keçirildi.
Tədbirdə giriş sözü söyləyən Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə sənətkarın yaradıcılıq yoluna nəzər saldı. Bildirdi ki, mədəniyyət tariximizdə böyük iz qoymuş insanlar cismən bizdən ayrılsalar da, ruhən həmişə bizimlədir. Onların sənət irsi həmişə müasirdir.
Qeyd olundu ki, Tofiq Quliyev musiqi sənətinin bir çox sahələrində fəaliyyət göstərib: “O, dirijor, bəstəkar, respublikamızda estrada və caz musiqisinin banisi kimi mədəniyyətimizə böyük töhfələr verib. Onun musiqiləri sevilir, dinlənilir, hər zaman da belə olacaq”.
Sonra Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarovanın “Tofiq Quliyev və Azərbaycan Bəstəkarlar İttifaqı”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zemfira Abdullayevanın “Tofiq Quliyevin kino musiqisi haqqında”, bəstəkar-musiqişünas Nərgiz Şəfiyevanın “Tofiq Quliyev haqqında xatirələr” mövzularında məruzələri dinlənildi.
Qeyd edildi ki, Tofiq Quliyev 1958-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra direktoru olub. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi olan bəstəkarın mahnıları hər zaman dillər əzbəridir. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 70-ci illərdə uşaq və gənclər üçün musiqi müsabiqələrinin, o cümlədən "Bakı payızı"nın yaradıcılarından olub.
Bəstəkar “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Nəsimi”, “Dərviş Parisi partladır”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi yazıb.
Konfrans çərçivəsində arxiv materialları əsasında görkəmli bəstəkardan bəhs edən videomaterial nümayiş olundu.
Sonda Bakı Musiqi Akademiyası orta ixtisas musiqi məktəb-studiyası şagirdlərinin ifasında bəstəkarın mahnılarından ibarət konsert proqramı təqdim edildi.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 11
noyabr.- S. 4.