“Yuğ” teatrında “Məhşər günü”nə ictimai baxış

 

Azərbaycan Dövlət “Yuğ” Teatrının səhnəsində gürcü yazıçısı Gela Dumbadzenin “Məhşər günü” pyesinin tamaşasına ictimai baxış keçirilib.

Teatrın direktoru Tərlan Rəsulov bildirib ki, səhnə əsəri baş rejissor Gümrah Ömərin quruluşunda təqdim olunub. Əsəri Azərbaycan dilinə Nəriman Əliyev tərcümə edib. Tamaşanın musiqi tərtibatçısı Amid Qasımov, quruluşçu rəssamı Umay Həsənova, xoreoqrafı isə Mikayıl Mikayılovdur. Səhnə əsərində aktyorlar Vidadi Həsənov və Amid Qasımov iştirak edir.

“Məhşər günü” uğurlu karyera qurmuş, amma bu yolda bir sıra mənəvi dəyərlərini itirmiş və ölümə məhkum edilmiş təcrübəli dövlət müşavirindən bəhs edir. O, hər şeydən bezir, gərəksiz biri olduğunu anlayır və özünü öldürmək qərarına gəlir. Tapança ilə rus ruletkasını vasitə seçərək həyatı ilə oyuna başlayır. Hər cəhdində gülləyə tuş gəlməyən qəhrəman itirdiyi sevgilisini, ustadını, dostunu xatırlayıb onlara layiq olmadığını anlayır və israrla amansız oyununa davam edir. Bir sözlə, içində kök salmış laqeydliyi, təkəbbürü, xudbinliyi tədricən məhv edib əvəzində sevgi, savab kimi mənəvi keyfiyyətləri dirçəltməyi bacarır. Nəhayət, anlayır ki, bu mənəvi keyfiyyətlər insan həyatında əvəzi olmayan dəyərlər və həqiqətlərdir.

Səhnə əsəri yaxın vaxtlarda teatrsevərlərə təqdim olunacaq.

 

Mədəniyyət.- 2015.- 11 noyabr.- S. 4.