“Fəryad” dərgisi
toplu halında işıq üzü görüb
Ötən əsrin əvvəllərində təkcə Azərbaycanın quzeyində deyil, güneyində də bir sıra mətbuat orqanları işıq üzü görüb. Onlardan biri - “Fəryad” dərgisi 1907-ci ildə Güney Azərbaycanın Urmu şəhərində Məşrutə hərəkatı (1905-1911-ci illərdə Səttarxanın başçılığıyla İranda şah rejiminə qarşı inqilab) dönəmində nəşr olunub. Bugünlərdə dərginin bütün sayları güneyli soydaşımız Cəmal Ayrımlı tərəfindən toplu halında çap olunaraq ictimaiyyətə təqdim edilib.
“Fəryad” məşrutə inqilabı dövründə güneyli soydaşlarımızın haqq səsini, azadlıq duyğularını əks etdirən nəşr idi. Nəşrin sahibi Mirzə Həbib Ağazadə, baş redaktoru Mirzə Mahmud Qənizadə olub. Dərgi həftədə bir dəfə türkcə və farsca çıxır, məşrutəçilərin mətbu orqanı kimi tanınırdı.
Həftəlik dərginin 1907-ci ilin fevralından noyabrınadək 23 sayı çıxıb. Məşrutəyə dair xəbər, reportaj və inqilabi ədəbiyyat ardıcıl olaraq nəşrin səhifələrində öz əksini tapıb. Dərgi Güney Azərbaycanın qərb bölgəsində azadlıq duyğularının güclənməsi uğrunda dayanmadan çalışır, şah rejiminin cinayətlərini ifşa edirdi.
Dərginin dayanmasından altı ay sonra redaksiya heyəti tərəfindən Azərbaycan türkcəsində “Fərvərdin” dərgisi nəşr olunub, amma o da cəmi 28 dəfə işıq üzü görüb. Əməkdaşların bir qismi edam və sürgün ediliblər.
S.Soltanlı
Mədəniyyət.- 2015.- 11
noyabr.- S. 15.