Bir şəklin
izi ilə
Şeyx Məhəmməd Rasizadə maarifçi mühitin formalaşmasına mühüm töhfələr verib
Mütəfəkkir
şair-dramaturq Hüseyn Cavidin 1910-cu ildə İstanbuldan
maarifçi Qurbanəli Şərifzadəyə göndərdiyi
məktubunda “fəzilətpərvər qardaşım” deyə
bəhs etdiyi Şeyx Məhəmməd Rasizadə 1878-ci il
mart ayının 15-də Naxçıvan şəhərində
dünyaya göz açıb. İlk təhsilini mollaxanada,
ali təhsilini isə Tehranda alıb, doğulduğu yurda
“Şeyx” titulu ilə qayıdıb.
Uzun illər “zöhdə dalaraq könlünü din, fəlsəfə və elmi hikmətə” bağlasa da, ömrünün sonunadək müəllimliklə məşğul olub, insanları elmə, maarifə səsləyib. Şeyx Məhəmməd 1917-ci ildə İrəvan Maarif İdarəsində kurs da bitirib.
Görkəmli ədəbiyyatşünas alim, professor Əli Sultanlı H.Cavidə həsr etdiyi məqalədə Şeyx Məhəmmədi də unutmayıb, ondan “mükəmməl təhsil görmüş bir vaiz”, “vaizlikdən ziyadə müəllimlik və mühərrirliklə məşğul” olan biri kimi ehtiramla bəhs edib.
Naxçıvandakı üsuli-cədid məktəbində və “Məktəbi-xeyriyyə”də dil müəllimi kimi çalışmağa başlayan Şeyx Məhəmməd sovetləşmədən sonra da müxtəlif orta məktəblərdə və texnikumlarda bir sıra görkəmli şəxsiyyətlərə - ümummilli lider Heydər Əliyevə, akademiklər Həsən Əliyev, Yusuf Məmmədəliyev, Məmmədcəfər Cəfərov, akademiyanın müxbir üzvü Abbas Zamanov və Lətif Hüseynzadə kimi alimlərə dil-ədəbiyyatdan dərs deyib. Tələbələri onu minnətdarlıqla xatırlamış, haqqında gözəl sözlər söyləmişlər. 1996-cı ildə Naxçıvanda Cavid məqbərəsinin açılışında iştirak edən Prezident Heydər Əliyev müəllimi Şeyx Məhəmmədi xatırlayaraq demişdir: “O, mən uşaq ikən, dördüncü-beşinci siniflərdə müəllimim olub. Xatirimdədir, çox ciddi müəllim idi. Bizi yaman sıxışdırardı. Amma dili də çox yaxşı öyrədirdi”.
Şeyx Məhəmmədin dərs dediyi təhsil ocaqlarından biri də bu il 90 yaşı tamam olan Sovxoz Texnikumudur (indiki Naxçıvan Dövlət Texniki Kolleci). Onun bu təhsil ocağında fəaliyyət göstərməsi məlum olsa da, bu məktəblə bağlı ona aid hər hansı bir sənədə rast gəlinməmişdir. Tədqiqat obyektimiz Hüseyn Cavid olduğu üçün onun qardaşı Şeyx Məhəmməd də hər zaman diqqətimizdə idi. Şeyxin qızı mərhum Rəna xanımla, Gövhər xanım və nəvəsi Əbülfəz Naxçıvanlı ilə görüşmüş və onların Məhəmməd Rasizadə haqqında dediklərini qeyd etmişdik. Həmin məlumatların izi ilə 1925-ci ildə yaradılan Sovxoz Texnikumunun 1945-ci ilə qədər olan arxivində araşdırma aparmaq istəsək də, məlum oldu ki, təhsil ocağının o illər arasındakı arxivi qorunub saxlanmayıb. Amma axtarışlarımızı davam etdirdik. Bir neçə il əvvəl Naxçıvanda “doktor Fərzəliyev” kimi tanınan Murtuz həkimin qızı Nailə xanımdan onlarda Şeyx Məhəmməd və atası Murtuz Fərzəliyevin də olduğu kollektiv bir şəklin olduğunu öyrəndik. Nəhayət, 80 il öncə, 1935-ci ildə çəkilmiş həmin fotonu əldə edə bildik.
Fotosənədi diqqətlə incələdik, 62 nəfərdən ibarət olan kollektiv şəkildə iki nəfəri dəqiqləşdirmək mümkün oldu; Murtuz Fərzəliyevi (qohumum və vaxtilə qonşum olduğu üçün) və bir də Şeyx Məhəmməd Rasizadəni. Bu şəkildə Şeyx Məhəmməd saqqallı və başında şapka (tələbəsi akademik Məmməd Cəfər Cəfərov xatirələrində Şeyx Məhəmmədin “evində gizlincə başında şapka namaz qılan” karikaturasının çəkilməsindən bəhs etmişdi) var.
Şəkildəki insanlar Naxçıvan Sovxoz Texnikumunun kollektivi, fotonun tapıldığı arxiv isə 1935-1936-cı illərdə həmin təhsil müəssisəsinə rəhbərlik etmiş mərhum Murtuz Fərzəliyevə məxsusdur. Onun arxivindən əldə etdiyimiz digər sənədlərdən Murtuz Fərzəliyevin həmin məktəbdə oxuduğunu, 1932-ci ildən burada müəllimlik etdiyini, 1935-ci ildə isə məktəbin direktoru olduğunu öyrəndik. Ali təhsil almaq istədiyi üçün 1936-cı ildə öz ərizəsi əsasında texnikumun direktorluğundan azad edilən M.Fərzəliyev elə həmin il Bakıya gəlib və Tibb İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra Naxçıvana qayıdaraq həkim kimi fəaliyyət göstərib. M.Fərzəliyevlə Şeyx Məhəmməd arasında yaxın dostluq əlaqəsi olub. Sözsüz ki, bu dostluğun təməlində onların eyni məktəbdə çalışması və hər ikisinin də bədii yaradıcılıqla məşğul olması dayanıb.
Məlumdur ki, Şeyx Məhəmmədin çox kədərli taleyi olub, kiçik qızı Nəzifəni öz əlləri ilə torpağa verib, böyük qızı Zəhra xanım ailəsi ilə sürgün olunub, canından çox sevdiyi qardaşı Cavid əfəndi repressiyaya məruz qalıb. Cavid əfəndi tutulduqdan sonra o da nəzarətə götürülüb, məqalələrinin, şeirlərinin qəzet və jurnallarda verilməsinə qadağa qoyulub. Əvvəl onu öyənlər, sonralar “döyməyə” başlayıblar. Məsələn, o illərdə Şeyxin yaradıcılığına qiymət verən bir “tənqidçi” yazırdı: “Rasizadə yoldaşda nöqsan cəhət əsərlərində obrazların azlığı, təsvirin cansızlığı, verilən məsələnin məqalə tərzində inkişafıdır. M.Rasizadə yoldaş sosialist realizmi, inqilabi romantizmi mənimsəməli, ölkəmizin inkişafına aid mühüm əsərlər verməyə çalışmalıdır”.
Naxçıvan şairlərindən ordubadlı Əbdül Kazım da Şeyx Məhəmmədə qarşı ikili mövqe nümayiş etdirib. Yazılarında “dəyərli parçaları olan” Şeyxi gah alqışlayıb, onu “Azərbaycanın bütün oxucularının tanımasını” arzulayıb, gah da “köhnə şeir dilini hələ yerə qoymadığına” görə tənqid edib.
Həm dövrana qulluq edib, həm də dövrandan möhnət çəkən, təzyiq və təqiblərə məruz qalan, övlad acısı, qardaş dərdi çəkən Şeyx amansız xəstəliyə tutulub. XX əsrin əvvəllərində yaradıcılığa başlamış, gənc ikən “dərin məfkurə yarğanları ilə ayrılan bir epoxadan çıxaraq digər epoxaya düşmüş” Şeyx Məhəmməd Rasizadə qulluq etdiyi “adamcıl div ideologiyanın” qurbanı olub. Təəssüf ki, Şeyx Məhəmməd də dövranın qorxusundan yazdıqlarının çoxunu məhv etmək məcburiyyətində qalıb. Tanınmış maarifçi, şair, Naxçıvanı öyrənən “Tədqiq və Tətəbbö Cəmiyyətində” geniş fəaliyyətə malik olan Məhəmməd Rasizadənin həyat və fəaliyyətini əks etdirən xüsusi bir tədqiqata ciddi ehtiyac var.
Şeyx Məhəmmədin mənsub olduğu məşhur “Rasizadələr nəsli Azərbaycanın sıradan, adi, ötəri bir hadisəsi deyil, milli özünüdərkin formalaşmasında çox parlaq işlər görmüş, ədəbiyyat tariximizin qızıl səhifələrini yazan Cavid əfəndini yetirmiş bir nəsildir...” Naxçıvanlı ziyalılar içərisində xüsusi nüfuza malik olan, xalqının geridə qalmasını acı bir həqiqət olaraq hiss edib, bunun çarəsini yalnız xalqı ziyalandırmaqda görən, 1906-cı ildən müəllimlik və yazıçılığa başlayan, bir-birindən dəyərli elm adamları yetişdirən Şeyx Məhəmmədin fəaliyyəti unudulmamalıdır.
Deyirlər, insanın taleyi dünyanın, həyatın, zamanın taleyidir. Şeyx Məhəmməd öz taleyi ilə yanaşı, zamanın, dövranın taleyini yaşayanlardan olub. Bir adı da “Allahsızlar cəmiyyəti” olan sovet quruluşu bir ziyalını, bir din adamını 1939-cu il dekabrın 24-də dərddən, fikirdən çərlədib öldürüb. Ömrünün 30 ildən çoxunu xalqının maariflənməsinə həsr edən Şeyx Məhəmmədi uzun illər yada salan olmayıb.
İlk dəfə Şeyx Məhəmmədi bir şəxsiyyət kimi ədəbiyyat aləminə gətirən, onun həyat və yaradıcılığını tədqiqat obyektinə çevirən görkəmli ədəbiyyatşünas alim, akademik Rafael Hüseynov olub. Alim “Cavidin şair qardaşı” adlı məqaləsində Şeyx Məhəmməddən şair, pedaqoq, tədqiqatçı və maraqlı bir ədib kimi bəhs edərək tədqiqatçılara maraqlı mövzular verib.
Uzun illərdən sonra Rasizadələr nəslinə aid hər hansı bir arxiv materialının tapılması Cavid əfəndi və ya Şeyx Məhəmmədlə bağlı bəzi faktların gizli qaldığını, gün üzünə çıxmasını gözlədiyini söyləməyə imkan verir.
Lütviyyə
Əsgərzadə,
Nizami adına
Ədəbiyyat İnstitutunun aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru,
dosent
Mədəniyyət.- 2015.- 11
noyabr.- S. 12.