Parisdəki caz
festivalında azərbaycanlı bəstəkarın konserti
Paris Xarici Mədəniyyət İnstitutları Forumunun 14-cü “Jazzycolors” festivalı çərçivəsində Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində caz musiqisindən ibarət konsert təşkil olunub.
Konsertdən əvvəl səfir Elçin Əmirbəyov çıxış edərək Azərbaycanda caz musiqisinin yaranma tarixindən və inkişafından danışıb. Diplomat ölkəmizdə caz musiqisinin bünövrəsinin 1930-cu illərin sonunda Niyazi və Tofiq Quliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb, Vaqif Mustafazadənin muğamın klassik Amerika caz musiqisi ilə sintezini yaratdığını vurğulayıb.
Qeyd olunub ki, Azərbaycan cazının dünyada öz yeri var. Müasir dövrdə İsfar Sarabski, Emil Əfrasiyab, Şahin Növrəsli ölkəmizdə caz musiqisi ənənəsini davam etdirirlər.
Səfir azərbaycanlı gənc pianoçu və bəstəkar Etibar Əsədli haqqında danışaraq onun Bakı caz festivallarında öz bəstələri ilə diqqəti cəlb etdiyini deyib. Bildirib ki, E.Əsədlinin Fransada, Britaniyada, İsveçrədə, Rusiyada, Türkiyədə və s. ölkələrdə konsertləri olub. O, Montrö Beynəlxalq Caz Festivalında da iştirak edib.
Sonra Etibar Əsədli özünün bəstələdiyi
musiqiləri, eləcə də Vaqif Mustafazadənin “Qara
qaşın vəsməsi” musiqisini ifa edib. Gənc bəstəkarın
çıxışı tamaşaçılar tərəfindən
hərarətli alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2015.- 13
noyabr.- S. 16.