Azərbaycan-Gürcüstan
mədəni əlaqələri müzakirə olunub
Noyabrın 11-də
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti
Muzeyində “Azərbaycan-Gürcüstan: mədəniyyət
sahəsində dostluq münasibətləri” mövzusunda tədbir
keçirilib. Muzeyin və Gürcüstan Parlamentinin Milli
Kitabxanasının birgə təşkil etdikləri tədbirdə
Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları,
tanınmış elm, mədəniyyət və ictimai xadimlər
iştirak ediblər.
Muzeyin direktoru Leyla Əliyeva, kitabxananın direktor müavini Mirian Xositaşvili çıxış edərək ölkələrimiz arasındakı dostluq münasibətlərinin tarixindən danışıb, bu əlaqələrin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd ediblər. Bildirilib ki, Azərbaycan Prezidentinin Gürcüstana sonuncu səfəri ikitərəfli əlaqələrimizin bütün sahələrdə inkişafında yeni mərhələ açıb.
Çıxışlarda elm, incəsənət və mədəniyyət xadimlərinin mədəni əlaqələrimizin daha da möhkəmlənməsi istiqamətində səylərini artırmalarının, onların əsərlərinin, ayrı-ayrı məqalələrin toplanaraq kitab halında çap olunmasının vacibliyi vurğulanıb.
Sonda M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti
Muzeyi ilə Gürcüstan Parlamentinin Milli Kitabxanası
arasında əməkdaşlığa dair memorandum
imzalanıb. Sənəddə ikitərəfli mədəni əlaqələrin
inkişafına töhfə vermək, birgə layihələr
hazırlamaq, foto, rəsm, kitab sərgilərinin, konsert
proqramlarının təşkili və s. məsələlər
əksini tapıb.
Mədəniyyət.- 2015.- 13
noyabr.- S. 15.