Üçrəngli bayrağınla məsud yaşa!

 

Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyində 9 noyabr - Dövlət Bayrağı Günü və Konstitusiyanın qəbul edilməsinin 20 illiyi ilə əlaqədar tədbir keçirilib. Dövlət himni səslənəndən sonra tədbir iştirakçıları üçrəngli bayrağımıza və Bayraq Meydanına həsr olunmuş videofilmi izləyiblər.

Muzeyin baş elmi işçisi Aynur İbrahimova “Müstəqil Azərbaycanın dövlət bayrağı və Ana qanunumuz” mövzusunda məruzə ilə çıxış edib. “İstək” liseyinin, 18 nömrəli təbiət və humanitar təmayüllü məktəb-liseyin və 21 nömrəli məktəbin şagirdləri ədəbi-bədii kompozisiya təqdim ediblər.

* * *

Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi kitabxanasının uşaq şöbəsində Dövlət Bayrağı Günü münasibətilə “Üçrəngli bayrağınla məsud yaşa” adlı informasiya günü keçirilib. Şöbənin böyük kitabxanaçısı Zübeydə Məmmədova qürur mənbəyimiz olan bayrağımız haqqında ətraflı məlumat verib. Mərkəzi kitabxananın uşaq şöbəsinin təşkilatçılığı ilə “NAKO” tədris mərkəzində də əlamətdar günlə bağlı “Qiraət saatı” keçirilib. Balacaların ifasında Bayraq Gününə həsr olunmuş şeirlər, nağıllar əsasında hazırlanan səhnəciklər maraqla qarşılanıb.

* * *

Qax rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhər 4 nömrəli uşaq bağçasında “Ay-ulduzlu bayrağım” adlı tədbir keçiriblər. Uşaqlara bayrağımız haqqında, Dövlət Bayrağı Gününün təsis edilməsi barədə məlumat verilib. Balacaların ifasında dövlət himnimiz səsləndirilib. Daha sonra bağçanın fidanları vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, mahnılar ifa ediblər.

* * *

Şəki şəhər MKS-nin M.F.Axundzadə adına 3 saylı kitabxana filialında “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı ədəbi-bədii kompozisiya təşkil olunub.

Kitabxananın əməkdaşı Könül Mustafayeva dövlət rəmzlərimiz haqqında geniş məlumat verib. 11 saylı məktəbin tarix müəllimi Ruhangiz Məmmədova bayrağımızın tarixi və düzgün istifadə qaydaları haqqında danışıb. Şagirdlərin ifasında şeirlər səslənib.

* * *

Ağdaş rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Bayraq meydanında tədbir keçirilib. MKS-nin direktoru Seyfəddin Feyzullayev, Gənclər kitabxanasının fəal oxucusu, şairə Gülnarə Arifqızı, rayon Mədəniyyət və Turizm Şöbəsinin inspektoru İlqar Vəliyev, rayon İcra Hakimiyyəti Aparatının məsul işçisi Möhlüd Hacıxanov çıxış edərək bayrağımız haqqında danışıblar.

* * *

Gəncə şəhər Mərkəzi kitabxanasında "Azərbaycan bayrağı - qürurum, şərəfimdir" adlı dəyirmi masa keçirilib. MKS-nin direktoru Elmira Əliyeva, direktor müavini Fəridə Qədimova, oxu zalının kitabxanaçısı Günel Əliyeva, 5 saylı tam orta məktəbin tarix müəllimi Sahibə Həsənova Azərbaycan bayrağı haqqında danışıblar. Bu müqəddəs rəmz uğrunda qeyrətli Vətən övladlarının şəhid olmasından söz açılıb. Sonda tədbir iştirakçıları mövzuya həsr olunmuş kitab sərgisi ilə tanış oldular

* * *

Qazax rayon Mərkəzi kitabxanası şəhər 6 saylı uşaq bağçasında “Mənim bayrağım - mənim fəxrim” adlı ədəbi-bədii kompozisiya keçirib. MKS-nin direktoru Solmaz Babanlı, uşaq bağçasının müdiri Şəfiqə Əmiraslanova, tərbiyəçilər Hürü Abdulkərimova, Elnarə Paşayeva, Ülviyyə Musayeva bayrağın dövlətin, millətin varlığı qədər qiymətli, şərəfli olduğunu vurğulayıblar. Tədbirin bədii hissəsində körpə fidanlar üçrəngli bayrağımıza həsr olunmuş şeirlər söyləyib, şən mahnılar oxuyub, rəqs ediblər.

* * *

Oğuz rayon Mərkəzi kitabxanası uşaq şöbəsinin təşkilatçılığı ilə 1 saylı məktəblə birgə “Türkün bayraq sevgisi” adlı tədbir keçirilib. Məktəbin tarix müəllimi A.Hüseynova “Dalğalan, ey bayrağım!” mövzusunda məruzə edib. Uşaq şöbəsinin müdiri K.Cəfərova, məktəbin kitabxanaçısı T.Xəlilova bayrağımızın tarixi haqqında məlumat veriblər.

* * *

Neftçala rayon MKS-nin Bankə qəsəbə kitabxanası Dövlət Bayrağı Günü münasibətilə "Bayrağımız ucalsın, vətənimiz var olsun" adlı tədbir keçirib. Tədbirdə Səməd Vurğun adına 2 saylı orta məktəbin şagirdləri iştirak ediblər. Kitabxananın müdiri T.Əhmədova dövlət bayrağımız haqqında iştirakçılara məlumat verib. Sonra məktəbli oxucular mövzuya aid şeirlər söyləyiblər.

 

Mədəniyyət.- 2015.- 13 noyabr.- S. 11.