Moskvada “Dədə
Qorqud” dastanına həsr edilmiş dəyirmi masa
Moskvada Azərbaycan İcması Evində Ümumrusiya Azərbaycanlılar Konqresinin “Kitabi-Dədə Qorqud” dastanının elm aləminə məlum olmasının və alman dilinə tərcüməsinin 200 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib. Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) təşkil etdiyi tədbirdə Heydər Əliyev Fondunun, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB), Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin nümayəndələri iştirak ediblər.
ÜAK-ın icraçı direktoru İlqar Hacıyev vurğulayıb ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının tarixini və mədəniyyətini öyrənmək üçün əvəzolunmaz mənbədir. Dastan oğuz türklərinin vətənpərvərliyinin, qəhrəmanlığının, müdrikliyinin, mənəvi dəyərlərinin əks olunduğu söz abidəsidir. “Kitabi-Dədə Qorqud” eposunun dünyada tanıdılması Azərbaycan mədəniyyətinin beynəlxalq arenada təqdim edilməsinin formalarından biridir.
Moskva Dövlət Linqvistika Universiteti (MDLU) nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru, Bakı Slavyan Universitetinin professoru Bella Musayeva deyib ki, bu ədəbiyyat abidəsinin geniş təbliği və dərindən öyrənilməsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycanın mədəni irsinin qorunub saxlanması və tanıdılması siyasətini bu gün Prezident İlham Əliyev davam etdirir. Bakının mərkəzində Dədə Qorqud park kompleksi buna bariz nümunədir.
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun professoru Abuzər Bağırov, ÜAK-ın
bazar günü məktəbində Azərbaycan dili müəllimi
Zərifə Kərimova və digər çıxış
edənlər dastanın Azərbaycan ədəbiyyatında
yerindən söz açıblar. MDLU-nun tələbələri
eposdan səhnəcik göstəriblər, tələbələrdən
Dmitri Jukov dastanın tarixi haqqında Azərbaycan dilində məruzə
edib.
Mədəniyyət.- 2015.- 13
noyabr.- S. 10.