Turizm statistikası üzrə məsələlər müzakirə olunub

 

Mədəniyyət və Turizm Nazirliyində turizm statistikası üzrə işçi qrupun növbəti iclası keçirilib. Görüşdə turizm sahəsində məşğulluq, ölkəmizdə TSA (Turizm Köməkçi Hesabları) sisteminin tətbiqi, turizmin ÜDM-də xüsusi çəkisi, xarici turistlərin xərcləri və bir sıra digər mühüm məsələlər müzakirə edilib, sözügedən sahə üzrə ən əsas göstəricilərin əldə edilməsi metodlarının təkmilləşdirilməsinə dair müxtəlif təklif və fikirlər səsləndirilib.

İclasda Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Statistika Komitəsi və Mərkəzi Bankın nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, işçi qrupun birinci iclasından sonra turizm statistikasının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülüb, turizmin ÜDM-də xüsusi çəkisinin hesablanmasının daha dəqiq aparılması məqsədilə Dövlət Statistika Komitəsi tərəfindən fiziki şəxslərin ilkin statistik məlumatlarının əldə edilməsi təmin edilib, turizm sahəsində çalışan işçilərin sayı Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə (IRTS 2008) əsasən turizm sektoruna 14 xarakteristik sahə üzrə hesablanıb və digər göstəricilər üzrə yeni məlumatlar əldə edilib.

Turizm statistikası üzrə işçi qrupu bu sahənin mövcud və potensial problemlərinin aidiyyəti qurumların birgə müzakirəsi və həlli məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Bu tip görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

 

Mədəniyyət.- 2015.- 13 noyabr.-S. 9.