Mədəniyyət və Turizm Nazirliyi və AZAL arasında işçi qrup yaradılıb

 

Ölkəyə turist axınını təşviq etmək üçün azbüdcəli turpaketlər hazırlanacaq

 

Xəbər verdiyimiz kimi, iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında ölkəmizdə turizm sənayesinin yüksək inkişaf tempi, turizm infrastrukturunun müasir tələblərə uyğun qurulması, bu sahədə fəaliyyət göstərən şirkətlərin və yerləşdirmə obyektlərinin sayının artması müsbət qiymətləndirilmişdir. Bununla yanaşı, ölkəyə daha çox turistin cəlb edilməsinə dair problemlərə toxunulmuş və bu istiqamətdə müvafiq islahatların aparılması tapşırılmışdır.

Turizm ölkə iqtisadiyyatında qeyri-neft sektorunun əsas sahələrindən biri olmaqla, ÜDM-in artım dinamikasında məxsusi yer tutur. Bu baxımdan gəlmə turizm imkanlarının genişləndirilməsi və xarici turistlər üçün əlverişli şəraitin yaradılması kimi məsələlər böyük əhəmiyyət kəsb edir. Ölkənin gəlmə turizm potensialının daha da effektiv şəkildə təbliğ olunması, eləcə də 2016-cı ildə Azərbaycana daha çox turist cəlb edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) arasında danışıqlar aparılaraq ortaq fəaliyyətə dair işçi qrup yaradılıb.

İşçi qrupun ilk toplantısında aşağıdakı məsələlər müzakirə edilərək 2016-cı ildə ortaq fəaliyyətə dair razılıq əldə edilib:

AZAL tərəfindən birbaşa uçuşların həyata keçirildiyi ölkələrin vətəndaşları üçün həmin ölkələrin spesifikası, turistlərin səyahət tendensiyaları, eləcə də seçilmiş ölkə üzrə bayram və tətil günləri nəzərə alınmaqla, birgə fəaliyyət çərçivəsində müvafiq aşağı büdcəli turpaketlərin hazırlanması, həyata keçirilməsi və təbliği;

Bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində Mədəniyyət və Turizm Nazirliyi və AZAL-ın birgə milli stendlə iştirakının həyata keçirilməsi;

Hər iki qurumun bir sıra xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərin imkanlarından birgə istifadə;

2016-cı ildə gəlmə turizm baxımından Azərbaycan üçün prioritet hesab olunan ölkələrin turizm sənayesi və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ölkəmizə 20-dən artıq tanışlıq səfərinin birgə həyata keçirilməsi;

Hər iki qurum tərəfindən bir sıra xarici ölkələrdə ortaq reklam və marketinq fəaliyyətinin aparılması (küçə və ictimai reklam, dövri nəşrlərin dəstəklənməsi, elektron marketinq fəaliyyəti və s.).

Qeyd edək ki, adıçəkilən fəaliyyətlərin Rusiya, Qazaxıstan, Ukrayna, Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, ABŞ, İsrail, Çin və Körfəz ölkələrində aparılması müzakirə edilib.

Yaxın müddət ərzində 2016-cı il üzrə Mədəniyyət və Turizm Nazirliyi və AZAL arasında ortaq fəaliyyət planının həyata keçirilməsi üzrə sənədin imzalanması nəzərdə tutulub.

 

Mədəniyyət.- 2015.- 13 noyabr.- S. 9.