Sehrli kukla dünyasına səyahət

 

III Bakı Beynəlxalq Kukla Biennalesi ziyarətçilərə xoş anlar yaşatdı

 

Xəbər verdiyimiz kimi, 5-10 noyabr tarixində Muzey Mərkəzində “Fusion Doll” III Bakı Beynəlxalq Kukla Biennalesi keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, “Kukla” art qalereyası və Muzey Mərkəzinin birgə təşkil etdiyi sərgidə Azərbaycan, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Estoniya və Yaponiyanın kukla ustaları öz əl işlərini təqdim ediblər.

 

Sərgi ilə biz də yaxından tanış olduq. Biennalenin son günü olsa da, Muzey Mərkəzinin beşinci mərtəbəsini ziyarət edənlərin ardı-arası kəsilmirdi. Dəbdəbəli geyimdə, müxtəlif bəzək əşyaları ilə bəzədilmiş kuklaların hərəsi bir sənətkar qəlbinin hərarəti, arzu və düşüncələrinin ifadəsidir. Bu sənət nümunələrində heykəltəraş-rəssamların barmaqlarının incəliyi, daxili dünyalarının təcəssümü əks olunub.

İlk olaraq sərginin iştirakçısı olan rusiyalı Anastasiya Yanovskaya ilə söhbət edib, fikirlərini öyrənirik. Anastasiya Yanovskaya “Pandora Platinum - 2015” kukla müsabiqəsinin laureatıdır. Onun işləri Avropa, Azərbaycan və Rusiyada şəxsi kolleksiyalarda yer alır. Kuklaçı rəssam deyir ki, biennaledə təşkilati işlər gözəl qurulmaqla yanaşı, mükəmməl sənət nümunələri sərgilənir: “Ekspozisiyada rəssamların təqdim etdikləri nümunələr sanki yarışa girir. Bir-birindən rəngarəng, fəlsəfi düşüncəli kukla nümunələrinə tamaşa etdikcə insan özünü sanki təcrübə qazanırmış kimi hiss edir. İlk dəfədir ki, Azərbaycandakı biennaledə iştirak edirəm. 10 ildən artıqdır ki, bu sənətlə məşğulam. Həm şəhəriniz, həm də müəlliflərinizin işləri məni təəccübləndirdi. Təqdim etdiyim sənət nümunələri sırasında Şekspirin “On ikinci gecə” əsərinin motivləri əsasında hazırladığım “Viola və Sebastyan” kuklaları qarşısında tamaşaçılar daha çox ayaq saxlayırlar”.

Ukraynalı kukla ustası Tamara Pivnyuk da ilk dəfədir ölkəmizə gəlib. Müxtəlif ölkələrdən olan həmkarlarının əl işlərini çox bəyəndiyini və biennaledə əsl peşəkarların toplandığını vurğulayır. Düzəltdiyi kuklalar haqqında məlumat verərək bildirir ki, 5 ildir bu sənətlə məşğuldur. Öz emalatxanası var və orada xüsusi texnoloji prosesləri həyata keçirən bütün avadanlıqlar cəmlənib. Təqdim etdiyi ekspozisiyalar əsasən təbiət hadisələrini əks etdirir.

Ekspozisiyada xüsusi diqqətçəkən nümunələrdən biri dünya şöhrətli italyan aktrisası Sofi Lorenin kuklası oldu. Sənət nümunəsinin üzərində müəllifinin adını oxuyanda həmyerlimiz, heykəltəraş-rəssam Tamilla Qurbanovanın əl işi olduğunu öyrəndik. Tamilla xanımdan fikirlərini bölüşməyi xahiş etdik.

Heykəltəraş-rəssam biennaledə üç kompozisiya ilə (Sofi Lorenin portret kuklası, “Əks” və “İlbizin sirri” kompozisiyaları) iştirak edir. Kuklaların üzərindəki zərgərlik məmulatlarının eskizi də onun özünə məxsusdur. Həmsöhbətim Azərbaycanda müəllif kukla sənətinin başlanğıcının Elmira Abbaslı tərəfindən qoyulduğunu və bu məktəbin hazırda gənclər tərəfindən inkişaf etdirildiyini bildirir. Ölkəmizdə müəllif kukla sənətinin professional şəkildə inkişaf etdiyini qeyd edən kuklaçı rəssam biennale zamanı ziyarətçilər sırasında böyüklərlə yanaşı, uşaqların və ahıl insanların da olmasını təqdirəlayiq hesab edir.

Muzey Mərkəzinin kuklalarla zəngin ekspozisiyasını ziyarət edən bir xanım həm də onların fotosunu çəkir. Ona yaxınlaşdığımızı görəndə həvəslə biennale haqqında fikirlərini bölüşür. Paytaxt sakini Ellada Əzizova belə bir tədbiri keçirən qurumlara təşəkkürünü bildirir. Kuklaların insanın əhval-ruhiyyəsinə müsbət təsiri, əlvan geyimləri ilə göz oxşaması onun da xoşuna gəlir. İki il bundan əvvəl də bu sərgini ziyarət etdiyini və səbirsizliklə növbəti biennaleni gözlədiyini deyir. Belə sərginin cəmi beş gün davam etməsinə təəssüf edir.

Həmsöhbətimdən ayrılıb kollektiv şəkildə ziyarətə gələn məktəblilərə yaxınlaşıram. Bakı şəhəri 175 saylı orta məktəbin şagirdləri ekspozisiyaya maraqla və heyranlıqla tamaşa edirlər. Kiçikyaşlı məktəblilər təəccüblərini gizlətmirlər. Hətta “Müəllimə, olar, bu kuklanın fotosunu çəkim, anam gəlib alsın” sualı ilə müraciət edən də tapılır. Müəllimə isə onları başa salır ki, bu kuklalar oynatmaq üçün deyil. Onların bu qədər gözəl və incəliyinin əsas səbəbi də elə əsl sənət nümunələri olmasındadır.

Muzey Mərkəzinin bələdçiləri həvəslə uşaqlara kuklalar haqqında məlumat verirlər. 3-cü sinif şagirdi Ruslandan hansı əsəri daha çox bəyəndiyini soruşuram. O, rusiyalı müəllif Viktor Qriqoryevin əsərləri sərgilənən ekspozisiyanı göstərir. Həmin ekspozisiyada nümayiş olunan işlər isə modernliyi və konstruktivliyi ilə seçilir.

Digər müsahibimiz isə Olqa Məmmədovadır. Olqa xanım incəsənət məktəbinin müəlliməsidir və özü də tikmə sənəti ilə məşğul olduğu üçün kukla biennalesinə böyük maraq göstərir. Tarixi özündə əks etdirən ekspozisiyaları daha çox bəyəndiyini qeyd edir.

Beləcə, zəngin təəssüratla Muzey Mərkəzindən ayrılırıq. Fikrimiz isə kuklaların yanında qalır...

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 13 noyabr.- S. 8.