Azərbaycan
xalçaçılığı: keçmişdən gələcəyə
Jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
Noyabrın 12-də
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu və "Azər-İlmə"
Xalçaçılıq Mərkəzinin "Azərbaycan
xalçaçılığı: keçmişdən gələcəyə"
mövzusunda keçirdiyi müsabiqəyə yekun vurulub.
"Azər-İlmə" Xalçaçılıq Mərkəzinin direktoru, professor Vidadi Muradov tədbiri açaraq birgə müsabiqənin təşkilinə görə Fondun rəhbərliyinə, habelə müsabiqədə fəal iştirak etmiş jurnalistlərə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan xalçaçılığına sevgi və qayğısı bu sahənin tarixi ənənələrinin qorunub saxlanılmasına və inkişafına zəmin yaradır. Milli xalçaçılıq məktəbləri ənənələrinin bərpası, gənc nəsillərə öyrədilməsi, yaşadılması istiqamətində aparılan işlər ictimaiyyət tərəfindən rəğbət və minnətdarlıq hissi ilə qarşılanır. Bu sahədə nailiyyətlərin cəmiyyətə dolğun və hərtərəfli şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələr düşür. İki aydan artıq davam edən müsabiqə ilə bağlı media vasitələrində dərc edilən bütün yazıları oxuduğunu deyən Vidadi Muradov medianın müsabiqəyə böyük maraq göstərməsini təqdir edib. O, maraqlı yazılarla yanaşı, qeyri-peşəkar, son dövrün tədqiqatlarını əks etdirməyən yazıların da olduğunu vurğulayaraq jurnalistləri bu həssas mövzuya daha diqqətlə yanaşmağa, araşdırma və tədqiqatlara geniş yer verməyə çağırıb.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, Azərbaycan mədəniyyətinin qədim sahələrindən olan xalçaçılıq sənəti son illər özünün intibah dövrünü yaşayır. "Azər-İlmə" Xalçaçılıq Mərkəzi ilə birgə təşkil olunan müsabiqənin məqsədi də Azərbaycan xalçaçılığının tarixi ənənələrinin, nailiyyətlərinin və inkişaf perspektivlərinin ictimaiyyətə dolğun şəkildə çatdırılmasında jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Avqustun 1-dən oktyabrın 15-dək davam edən müsabiqəyə 29 kütləvi informasiya vasitəsindən 43 yazı təqdim edilib. Müsabiqənin yekunlarına görə 6 nəfər əsas, 10 nəfər həvəsləndirici mükafata layiq görülüb.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib. Mükafatlandırılanlar arasında “Mədəniyyət” qəzetinin əməkdaşı Vüqar Əliyev də var.
Təqdimetmə mərasimindən sonra
xalçaçılıq sənətinin tədqiqatçıları
- Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
müəllimi, xalçaçı-rəssam Eldar
Mikayılzadə, AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun direktor müavini, sənətşünaslıq
doktoru, professor Kübra Əliyeva, Bakı Dövlət
Universitetinin müəllimi, tarix elmləri doktoru Şirin
Bünyadova, Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının sənətşünaslıq
kafedrasının müdiri, sənətşünaslıq
doktoru, professor Sevil Sadıxova, Bakı Slavyan Universitetinin
müəllimi, "Yol” jurnalının redaktoru, professor Flora
Naci belə bir müsabiqənin keçirilməsini yüksək
dəyərləndirib, qalibləri təbrik ediblər. "Azər-İlmə"
Xalçaçılıq Mərkəzinin rəhbərliyinin
bu sahədə fəaliyyətini təqdir edən ekspertlər
jurnalistlərə xalçaçılıq sənəti ilə
bağlı tədqiqatları davam etdirməyi məsləhət
görüblər.
Mədəniyyət.- 2015.- 13
noyabr.- S. 7.