“Quşlar üçün viza”

 

Tbilisidə azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

 

Tbilisidəki TBC incəsənət qalereyasında Azərbaycanın Əməkdar rəssamı Əliyar Əlimirzəyevin rəsm əsərlərindən ibarət “Quşlar üçün viza” adlı sərgi açılıb.

Sərgidə rəssamın qrafik işləri ilə yanaşı, heykəltəraşlıq nümunələri də təqdim olunur.

TBC qalereyasının direktoru xanım Ketevan Qorcaxe bildirib ki, azərbaycanlı rəssamın əsərləri xüsusi diqqət cəlb edir. Rəssamın əsərlərində qeyri-adi elementlər, məsələn, velosiped təkərindən hazırlanmış əcaib formalar heykəllərə orijinallıq bəxş edir. Qadın obrazlarından hazırlanmış heykəllər xüsusilə diqqətəlayiqdir. Biz bunları nəzərə alaraq onun əsərlərinin sərgisini təşkil etdik.

Əliyar Əlimirzəyev sərgidə 15 rəsm və 2 heykəltəraşlıq əsərinin nümayiş olunduğunu bildirib. O, sərginin təşkilinə görə Bakının “Qız qalası” qalereyasının və TBC qalereyasının rəhbərliyinə minnətdarlıq edib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva, bu ölkənin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Mədəniyyət.- 2015.- 13 noyabr.- S. 7.