Azərbaycan və
Gürcüstan musiqiçilərinin dostluq festivalı
7-9 noyabr tarixində
Bakıda Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinin və Gürcüstanın Folklor və Klassik
Musiqinin İnkişafı Birliyinin birgə layihəsi əsasında
“Harmoniya” musiqi festivalı keçirilib.
Mərkəzi İncəsənət Məktəbində gerçəkləşən tədbirdə bu tədris ocağının, Bakı şəhəri R.Behbudov adına 2 saylı, T.Quliyev adına 12, R.Hacıyev adına 15, M.Maqomayev adına 26, Q.Şaroyev adına 35 saylı və 11 saylı musiqi məktəbləri, habelə Gürcüstanın 7 şəhərinin musiqi məktəblərindən seçmə şagirdlər iştirak edirdi. Münsiflər heyətinə professor H.Əliyeva, dosent V.Babayev, əməkdar müəllimlər G.Səfərova, T.Məmmədova, Əməkdar artist V.İmanov və 4 nəfər gürcü heyət üzvü daxil idi.
İki gün davam edən dinləmələrdə iştirakçılar Azərbaycan, gürcü, rus və Avropa bəstəkarlarının 100-dən artıq əsərini ifa etdilər. Bir-birindən rəngarəng, maraqlı, texniki cəhətdən çətin və mürəkkəb olan əsərlər şagirdlərin ifasında çox mükəmməl səsləndi. Hətta münsiflər heyəti onların içindən seçim etməkdə çətinlik çəkirdi.
Uşaqların əksəriyyəti müxtəlif nominasiyalar (ən gənc ifaçı, romantik əsərin ən yaxşı ifaçısı, klassik əsərin ən yaxşı ifaçısı və s.) üzrə mükafatlandırıldı.
Festivalın əsas mükafatını Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel üzrə 11-ci sinif şagirdi Orxan Hüseynov qazandı. O, gələn ilin mayında Türkiyədə keçiriləcək beynəlxalq müsabiqədə iştirak edəcək və bu səfərin bütün xərcləri festivalın təşkilatçıları tərəfindən ödəniləcək. Bundan başqa, daha iki iştirakçının - R.Hacıyev adına 15 saylı onbirillik musiqi məktəbinin şagirdi Emil Əhmədzadənin (fortepiano) və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Nailə İbrahimovanın (fortepiano) bu müsabiqədə iştirak xərclərinin 50 faizini də festival təşkilatçıları öz üzərlərinə götürüblər.
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində belə bir festivalın keçirilməsi əsl musiqi bayramına çevrildi. Müxtəlif məktəblərdən gələn seçmə şagirdlərin tamaşaçılara, münsiflərə bəxş etdikləri musiqi zövqü yaddaşlarda, qəlblərdə hələ uzun müddət yaşayacaq. Azərbaycanlı şagirdlərin milli musiqi alətlərində klassik əsərləri yüksək səviyyədə ifa etməsi isə gürcü qonaqlarımızın böyük sevgi və rəğbətini qazandı. Məktəbin gözəl şəraitinin olması, məktəb rəhbərliyinin festivalı yüksək səviyyədə təşkil etməsi gürcüstanlı qonaqlarımızda zəngin təəssürat yaratdı. Bütün bunlar isə dövlət rəhbərliyinin mədəniyyətimizə göstərdiyi qayğı və diqqətin nəticəsidir. İki qonşu ölkə dostluq körpüsünün davam etməsi, belə tədbirlərin silsilə xarakter alması musiqi ifaçılığı sənətinə yeni töhfələr verəcək.
Nərgiz Kərimova,
Musiqişünas
Mədəniyyət.- 2015.- 13
noyabr.- S. 6.