Balaca
istedadların bayram hədiyyəsi
Abdulla Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrında UNIMA Azərbaycan
Milli Mərkəzinin dəstəyi ilə “Oyuq” teatr
studiyasının yetirmələri Dövlət Bayrağı
Günü və Konstitusiya Günü münasibətilə
uşaq evlərinin sakinləri üçün “Yatmış
gözəl” tamaşasını təqdim ediblər.
Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” studiyasının üzvləri mütəmadi olaraq tamaşa və konsert proqramları ilə həmyaşıdlarını sevindirirlər. Bu dəfə də xeyriyyə aksiyası çərçivəsində iki gün tamaşa-konsert nümayiş etdirilib.
İlk tədbir noyabrın 10-da Milli Onkologiya Mərkəzinin uşaq klinikasında baş tutub. Ertəsi gün isə tamaşa-konsert Dövlət Kukla Teatrında nümayiş olunub. Bakının bir neçə uşaq evi və internat məktəbinin sakinləri tamaşa salonunda istedadlı həmyaşıdlarının məharətini izləyiblər.
Şarl Perronun məşhur əsəri əsasında
yazıçı Səidə Haqverdiyevanın səhnələşdirdiyi
və Cəmilə Allahverdiyevanın quruluş verdiyi
tamaşa-konsertdə Azərbaycan və dünya nağıl qəhrəmanları
yer alıb. Teatrın aktyorları Cavid Telman və Elnur Xəlilovun
ifasında şou-proqram da balacaların sevincinə səbəb
olub.
Mədəniyyət.- 2015.- 13
noyabr.- S. 6.