Yaponiya ilə
teatr əməkdaşlığı müzakirə olunub
Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil
İsrafilov Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo
Takahaşi ilə görüşüb. Görüşdə
teatr sahəsində gələcək əməkdaşlıq
haqqında fikir mübadiləsi aparılıb.
İki ölkə arasında mədəniyyət sahəsində əlaqələri yüksək qiymətləndirən diplomat Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin bu sahədə səmərəli fəaliyyət göstərdiyini bildirib: “Ölkələrimiz arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq hər zaman yüksək olub. Kino nümayişləri, sərgilər keçirilib, mətbəx nümunələri təqdim olunub. Bu, əlbəttə, iki xalqın daha da yaxınlaşmasına öz töhfəsini verir. Biz Azərbaycanın Yaponiyadakı səfirliyi ilə də danışıqlar aparacağıq və Azərbaycan teatrının Yaponiyada tanıdılması istiqamətində səylərimizi artıracağıq”.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bildirib ki, yapon mədəniyyəti və ədəbiyyatı Azərbaycanda çox sevilir. O, mədəni əməkdaşlığın teatr sahəsində də davam etdirilməsinin zəruriliyini vurğulayıb. Direktor təklif edib ki, yapon dramaturqlarının əsərləri orijinaldan tərcümə edilib Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulsun: “Mən yapon rejissorlarını bizim teatrda tamaşa hazırlamağa dəvət edirəm. Akademik Milli Dram Teatrında dünyanın müxtəlif ölkələrindən olan rejissorlar tamaşa hazırlayıblar və bu gün həmin ölkələrlə bizim teatr sahəsində əlaqələrimiz mövcuddur. İstərdik ki, bu əlaqələr Yaponiya teatrları ilə də yüksək səviyyədə mövcud olsun”.
Səfir Tsuquo Takahaşi yapon
dramaturqlarının əsərlərinin tərcümə
olunması və rejissorların qarşılıqlı əməkdaşlığı
istiqamətində səfirlik vasitəsilə
danışıqların aparılacağını deyib.
Mədəniyyət.- 2015.- 13
noyabr.- S. 6.