Bakı  şəhər xalq teatrları festivalının qalibləri mükafatlandırılıb

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən paytaxt xalq teatrları festivalı qaliblərinin mükafatlandırma mərasimi olub. Festival Mərdəkan xalq teatrının 95 illik yubileyinə həsr olunub.

 

Mərdəkan Mədəniyyət sarayında keçirilən tədbirdə festival haqqında məlumat verilib. Bildirilib ki, layihə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının işinin daha da səmərəli təşkili, xalq yaradıcılığının inkişafı, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi və həvəskar teatr kollektivlərinin fəaliyyətini təşviq etmək məqsədilə ənənəvi olaraq keçirilir.

Budəfəki festivala 13 mədəniyyət müəssisəsindən 14 kollektiv, ümumilikdə 200-dək iştirakçı qatılıb. Kollektivlər məhz Mərdəkan xalq teatrının 95 illik fəaliyyəti dövründə səhnələşdirilmiş əsərlərdən seçərək tamaşaçılara təqdim ediblər.

Mərasimdə Mərdəkan xalq teatrının 95 illik fəaliyyətini əks etdirən fotoslayd təqdim olunub. Mərdəkan xalq teatrı Rəhman Əlizadənin “Diqqət, başlayıram” əsərini təqdim edib.

Sonra qaliblərin adları açıqlanıb. Şüvəlan qəsəbə Mədəniyyət evinin xalq kollektivi “Dəli Domrul” tamaşasına görə Qran-pri mükafatını qazanıb. Nizami adına Mədəniyyət mərkəzinin Mərdəkan xalq teatrı “Diqqət, başlayıram” tamaşası ilə birinci, H.Abbasov adına Mədəniyyət evinin xalq kollektivi “Hacı Qəmbər” tamaşası ilə ikinci, Mərdəkan Mədəniyyət sarayının R.Əlizadə adına teatr studiyası “Məlikməmmədin nağılı” tamaşası ilə üçüncü yerə layiq görülüb.

Həmçinin Bakı şəhər xalq teatrları festivalında fəal iştirakına görə müxtəlif mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları, yaradıcı kollektivlər və dərnəklərə Mədəniyyət və Turizm İdarəsinin fəxri fərmanları təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 13 noyabr.- S. 5.