Ecazkar melodiyalar
müəllifi
Görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyi ilə bağlı tədbir
Noyabrın 11-də
paytaxtdakı G.Şaroyev adına 35 saylı onbirillik musiqi məktəbində
görkəmli bəstəkar, Xalq artisti, professor, Dövlət
mükafatı laureatı Vasif Adıgözəlovun 80 illik
yubileyi ilə bağlı tədbir keçirildi.
Tədbirin aparıcısı Həqiqət Hüseynova bəstəkarın həyat və yaradıcılığından söhbət açdı. Qeyd etdi ki, Vasif Adıgözəlov Azərbaycan muğamlarının mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb. Xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına təsir göstərib. Bəstəkar müxtəlif janrlarda əsərlərin, “Ölülər” və “Natəvan” operalarının, “Nənəmin şahlıq quşu”, “Hacı Qara”, “Boşanaq, evlənərik”, “Aldın payını, çağır dayını” və s. musiqili komediyaların, “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala-1915”, “Qəm karvanı” oratoriyalarının, 3 simfoniyanın, “Segah” muğam-simfoniyasının, simfonik poemaların müəllifidir. Bundan əlavə, yazdığı 6 instrumental konserti, bir çox kamera-instrumental əsərləri, mahnı və romansları, tamaşa və kinofilmlərə yazdığı musiqiləri onun sənətkar qüdrətindən soraq verir.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov bildirdi ki, Vasif Adıgözəlov müxtəlif vaxtlarda qurumun idarə heyətinin üzvü, katibi və daha sonra sədri olub. O, musiqi mədəniyyətimizə görkəmli bəstəkar kimi daxil olub. Çoxşaxəli yaradıcılığa malik olan sənətkarın hər bir əsərində özünəməxsusluq hiss olunur. Baletdən başqa, demək olar ki, bütün musiqi janrlarında əsərlər yazan bəstəkarın yaradıcılığının böyük bir hissəsini vətənpərvərlik mövzusunda əsərlər təşkil edir. Onun irihəcmli monumental əsərlərlə yanaşı, mahnıları da öz səmimi, ecazkar melodiyası ilə qəlbləri fəth edir. Dillər əzbəri olan “Qərənfil”, “Bakı”, “Xoşum gəlir”, “Naz-naz”, “Şuşa laylası” və s. mahnıları insanın ülvi hislərini riqqətə gətirən təkrarolunmaz sənət inciləridir. Bəstəkarın “Şərikli çörək”, “Kişi sözü” və s. filmlərə yazdığı musiqilər tamaşaçıların rəğbətini qazanıb.
Bakı şəhərinin musiqi və incəsənət məktəbləri direktorlar şurasının sədri, Əməkdar müəllim Natiq Vəliyev qeyd etdi ki, Vasif Adıgözəlov həm milli musiqimizi sevən, doğma torpağımızın gözəlliklərini vəsf edən sənətkar, həm də Vətənin müdafiəsi uğrunda səfərbər olan əsl vətəndaş idi. Onun monumental vokal-simfonik yaradıcılığını xalqımızın azadlıq salnaməsi hesab etmək olar.
Çıxışlardan sonra Əməkdar artist Teyyub Aslanov, məktəbin şagirdləri Suada Hacızadə, Elyar Əliyev, İslamə Abdullayeva və başqalarının ifasında görkəmli bəstəkarın “Naz-naz”, “Xoşum gəlir”, “Bakı”, “Şuşa laylası”, “Qərənfil” və s. mahnıları səsləndirildi. İfalar alqışlarla qarşılandı.
Sonda məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev tədbirdə iştirak edən sənətkarın həyat yoldaşı Xalidə xanıma gül dəstəsi təqdim etdi. Xalidə xanım tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Bəstəkarın oğlu, Xalq artisti, professor Yalçın Adıgözəlov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi. Atası haqqında yeni çapdan çıxmış kitabı məktəbə hədiyyə etdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 13
noyabr.- S. 4.