Turizm şirkətləri
və teatr-konsert müəssisələrinin əməkdaşlığı
genişlənir
Xarici turistlər üçün tur proqramlarına konsert və tamaşaların daxil edilməsi tövsiyə olunub
Azərbaycan incəsənətini, mədəniyyətini, qeyri-maddi mədəni irsini və teatr sənətini əcnəbi turistlərə tanıtmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm şirkətlərinin və teatr-konsert müəssisələrinin rəhbərlərinin görüşü təşkil edilib.
Görüş zamanı turizm şirkətlərinin rəhbərləri teatr-konsert müəssisələrindəki mövcud şəraitlə tanış edilib və bu müəssisələrə daha çox turistin cəlb edilməsi məqsədilə qarşılıqlı əlaqə yaradılması, eləcə də görüləcək işlərlə bağlı müzakirələr aparılıb.
Turizm şirkətləri vasitəsilə əcnəbi turistlər üçün təşkil olunan turlara əsasən Akademik Opera və Balet, Rus Dram, Pantomima teatrlarının (dil-tərcümə problemi olmadığı üçün) daxil edildiyi və qədim tarixi olan Azərbaycan teatr sənətinin turistlərin böyük marağına səbəb olduğu bildirilib.
Bununla yanaşı, yenidənqurma və təmir işləri aparılmış Akademik Milli Dram, Dövlət Musiqili, Gənc Tamaşaçılar, Kukla teatrlarının əcnəbilər üçün dil baryerinin aradan qaldırılması məqsədilə bütün müasir avadanlıqlarla təchiz edildiyi haqqında məlumat turizm şirkətlərinin diqqətinə çatdırılıb və ölkəmizə təşkil edilən tur proqramlara bu müəssisələrdə keçirilən tamaşaların daxil edilməsi tövsiyə olunub.
Mədəniyyət və Turizm Nazirliyi bir daha gəlmə turizmlə məşğul olan bütün turizm şirkətlərinə ölkəmizə təşkil olunan tur proqramlara teatr-konsert müəssisələrində təşkil olunan tamaşaların daxil edilməsini, bu istiqamətdə turizm marşrutlarının yaradılmasını tövsiyə edir.
Bu istiqamətdə hər hansı bir rəy və
təklifi olan turizm şirkətləri Mədəniyyət və
Turizm Nazirliyi (012 492 88 50, mct@mct.gov.az) ilə əlaqə
saxlaya bilərlər.
Mədəniyyət.- 2015.- 13
noyabr.- S. 4.