Beynəlxalq əməkdaşlıq mədəni hüquqların müdafiəsi kontekstində

 

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva beynəlxalq konfransda çıxış edib

 

Noyabrın 12-də Bakıdakı “JW Marriott Absheron” hotelində ombudsmanların XIII beynəlxalq konfransı işə başladı. “Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda konfrans Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və UNESCO-nun 70 illiyinə həsr edilib.

 

UNESCO-nun dəstəyi ilə təşkil olunan tədbirə Avropa, Asiya və Afrikanın 10-dan çox ölkəsindən ombudsmanlar və onların nümayəndələri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, beynəlxalq təşkilatların təmsilçiləri qatılıb.

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova bildirdi ki, hər il Bakıda ombudsmanların beynəlxalq konfransının keçirilməsi artıq ənənə halını alıb. Bu konfransın noyabrın 12-də - müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbulunun 20-ci ildönümü günündə keçirilməsinin böyük rəmzi mənası var. Çünki Ombudsman təsisatının fəaliyyəti Əsas Qanunla tənzimlənir.

Diqqətə çatdırdı ki, konfransın, eyni zamanda, BMT-nin və UNESCO-nun Ombudsman təsisatlarının formalaşmasında və fəaliyyətində böyük rolu olub. Azərbaycan Ombudsman təsisatı bu prinsiplərə uyğun fəaliyyət göstərdiyinə görə BMT tərəfindən iki dəfə - 2006-cı və 2012-ci illərdə ən yüksək A statusu ilə akkreditasiya olunub.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirdi ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratik, plüralist cəmiyyətin formalaşdırılması başlıca vəzifə kimi müəyyən edilib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və bu gün 20 illiyi qeyd edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında hakimiyyət bölgüsünün, liberal iqtisadiyyatın, vətəndaş cəmiyyəti quruculuğunun, insan hüquq və azadlıqlarının təməl prinsipləri təsbit olunub və sonrakı mərhələdə uğurla həyata keçirilib.

Əli Həsənov bu gün Azərbaycanda insan hüquqları sahəsində başlıca problemin Ermənistan tərəfindən ərazilərimizin işğalı nəticəsində yarandığını vurğuladı. Bir milyondan artıq vətəndaşımız öz doğma torpaqlarından didərgin salınıb, onların təməl insan haqları pozulub. 1992-ci il fevralın 26-da azərbaycanlıların yaşadığı Xocalı şəhərində soyqırımı törədilib, yüzlərlə insan qətlə yetirilib. Hazırda Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. İşğal edilmiş ərazilərdə bütün sosial, iqtisadi və mədəni infrastruktur dağıdılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirdi ki, məhkəmənin bir çox hüquqi, sosial, cinayət, mülki-prosessual qərarları ombudsmanın sorğusu və müraciəti əsasında qəbul olunub. Bu əməkdaşlıq davam edəcək. Ombudsman səmərəli fəaliyyət göstərir, vətəndaş və dövlət arasında çox fəal mövqedə dayanır.

Konfrans sonra plenar iclasla davam etdi. İclasda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva “Beynəlxalq əməkdaşlıq mədəni hüquqların müdafiəsi kontekstində” adlı məruzə ilə çıxış etdi.

Məruzədə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr, islahatlar və qarşıda duran vəzifələrdən söz açıldı. Bildirildi ki, Azərbaycan Respublikasının Konstitusiyasında, ölkə vətəndaşlarının digər hüquqları ilə yanaşı, mədəni hüquqlarının da həyata keçirilməsi üçün mühüm əsas yaradılıb: “Ölkəmizdə hər kəsin mədəniyyət sahəsində hüquq və azadlıqları beynəlxalq hüquq normaları rəhbər tutulmaqla təşviq edilir. Milliyyətindən, dilindən və dinindən asılı olmayaraq hər kəsin öz mədəni özünəməxsusluğu, yaradıcılıq azadlığı dövlət tərəfindən qorunur. Mədəniyyət sahəsində dövlət siyasəti, yeni mədəni sərvətlərin yaradılması, onların qorunması istiqamətində böyük işlər görülür”.

Sevda Məmmədəliyeva Azərbaycan xalqının mədəni irsinin qorunması sahəsində UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlarla əlaqələrin qurulduğunu və ildən-ilə inkişaf etdirildiyini diqqətə çatdırdı. Bu sahədə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətlərinin olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan muğamı, aşıq sənəti, xalça, tar ifaçılığı və kəlağayı sənətləri, Novruz bayramı UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na, çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Plenar iclasda insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Ailə-Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova məruzələrlə çıxış etdilər.

Noyabrın 14-dək davam edəcək konfransa Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Pakistan, Moldova, Avstriya, Rumıniya, Xorvatiya, Sloveniya, Misir, Namibiya təmsilçiləri qatılıb. Konfransın yekununda “Bakı bəyannaməsi” qəbul ediləcək.

 

Fariz Hüseynov

 

Mədəniyyət.-  2015.- 13 noyabr.- S. 3.