Londonda Azərbaycan
musiqisi səslənib
Azərbaycanın görkəmli pianoçusu, Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Londonda “Müqəddəs James” kilsəsində konsert proqramları ilə çıxış edib.
“Cancer research” xeyriyyə təşkilatına yardım məqsədilə təşkil edilmiş konsertə dünya şöhrətli dirijor Dmitri Yablonski rəhbərlik edib. Tanınmış xanım musiqiçi Yanna Qandelman da skripkada ifa etdiyi musiqi nömrələri ilə gecəyə rəng qatıb.
Konsert Azərbaycanda bir çox elmi araşdırmaların, “Visions of Azerbaijan” jurnalında ölkəmizlə bağlı bir sıra məqalələrin müəllifi, görkəmli tədqiqatçı, bir il əvvəl uzunsürən xəstəlikdən dünyasını dəyişmiş Fiona Maklaklana həsr edilib. Fərhad Bədəlbəyli və Dmitri Yablonskini Fiona Maklaklan ilə şəxsi dostluq telləri bağlayırdı.
Fionanın həyat yoldaşı və ölkəmizdəki əmək fəaliyyəti ilə əlaqədar onu 2004-cü ildə Azərbaycana gətirən Alastair Maklaklan xalqımızın yüksək qonaqpərvərliyini, mədəniyyətini, onun ecazkar və əsrarəngiz təbiətini, əsrlərdən miras qalmış qədim mədəniyyətini heç zaman unutmayacağını deyib.
Yerli və xarici musiqisevərlərdə böyük maraq doğuran konserti xeyli sayda tamaşaçı izləyib.
Gecədə Azərbaycan bəstəkarlarından Qara Qarayevin, Azər Rzayevin və dünya klassiklərinin əsərlərindən nümunələr səsləndirilib.
Tədbir Avropa Azərbaycan Cəmiyyəti
(TEAS) tərəfindən təşkil edilib. Konsertlərdən
yığılan vəsait Böyük Britaniyada xərçəng
xəstəliyi ilə bağlı tədqiqatlara sərf
olunacaq.
Mədəniyyət.- 2015.- 13
noyabr.- S. 3.