“Mersi, Baku”

 

Rusiyanın ən populyar aviajurnalında paytaxtımız haqqında məqalə dərc edilib

 

Dünyanın 70-dək ölkəsinə sərnişin daşıyan aviaşirkətin müştərilərinə təqdim etdiyi jurnalın noyabr sayında dərc olunan “Mersi, Baku” adlı məqalənin müəllifi İlya Krasnov şəhərimizdən xoş sözlərlə bəhs edir.

Yazının əvvəlində turistləri heyran qoyan Dubayla Azərbaycan paytaxtını müqayisə edən müəllif qısa müddət ərzində ölkəmizin sürətli inkişaf yolu keçdiyini vurğulayır. Ölkəmizin əlverişli coğrafi mövqedə, Avropa və Asiyanın qovuşmasında yerləşdiyini qeyd edən müəllif bildirir ki, Abşeron ulduzu Bakı 10 il bundan əvvəl çiçəklənməyə başladı. Şəhərin ikinci yüksəlişi “Eurovision” mahnı yarışmasına hazırlıq dövrünə təsadüf etdi. Böyük investisiyalar, irimiqyaslı tikililər, yeni bulvarın salınması və köhnə bulvarın yenilənməsi, bir sözlə, musiqiyə olan sevgi bu şəhərə təkcə yeni yollar və küçələr deyil, həmçinin möhtəşəm hotel və restoranlar hədiyyə etdi. Müsabiqə bitdikdən sonra Bakıya turistlərin axını hiss olundu. 2012-ci ilin sonunda istifadəyə verilən “Four Seasons” hoteli haqqında məlumat verən müəllif hotelin yerləşdiyi Neftçilər prospekti, ona yaxın əraziləri, Qız qalası, Bayraq meydanı, yeni inşa edilən yeraltı keçidləri təsvir edir. Yazıda Bakıda işgüzar səfərdə olanlara biznes mərkəzlərində, iaşə obyektlərində göstərilən yüksək xidmətdən söz açılır, şəhərin qonaqlarına “Alov Qüllələri” və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmaq tövsiyə edilir.

Azərbaycanın milli mətbəxi, qonaqpərvərliyindən danışan müəllif eyni zamanda yerli əhalinin məşğuliyyəti, əntiq əşyalar satılan mağazalardakı Bakı koloritini də çatdırmağa çalışıb. Məqalədə Heydər Əliyev Mərkəzi və Xalça Muzeyinin yeni binası haqqında da məlumat yerləşdirilib. Maraqlı yazı “bura Dubay deyil, doğma və yaxın Bakıdır” fikirləri ilə bitir.

Qeyd edək ki, “Aeroflot Premium” jurnalının bu sayında həmyerlimiz, Azərbaycanın Əməkdar artisti, Moskva Böyük Teatrının solisti Dinara Əliyeva ilə müsahibə də verilib. Müsahibədə opera ifaçımız sənəti və həyatı barədə sualları cavablandırıb.

 

Mədəniyyət.- 2015.-  18 noyabr.- S. 16.