Ölkəmiz Daşkənddə beynəlxalq festivalda təmsil olunub

 

Daşkənddəki ingilisdilli Britaniya Məktəbində xalqların mədəniyyət və mətbəx festivalı keçirilib. Tədbirə Özbəkistanda fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların, həmçinin mədəniyyət mərkəzlərinin nümayəndələri qatılıblar. Festivalda yaradılan stend və sərgilərdə müxtəlif xalqların tarixi, ədəbiyyatı, mədəniyyəti, adət-ənənələrini təbliğ edən eksponatlar nümayiş olunub.

Festivalda ölkəmizi Daşkənddəki səfirliyimiz və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Stenddə Azərbaycanla bağlı çap məhsulları, Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrləri, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı müxtəlif kitablar sərgilənib. Qədim məişət əşyalarımız, milli musiqi alətlərimiz - tar, kamança, saz, qaval, nağara və suvenirlərimiz də tamaşaçılarda xüsusi maraq doğurub.

Azərbaycan muğamları və xalq mahnılarımız səslənib. İştirakçılara Azərbaycan milli mətbəxinin nümunələri təklif olunub. Tədbirin bədii hissəsində AMM-in nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının ifası maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 16.