Hərə bir
ağac əksə...
Yaşıllıq həyatın yaraşığı, təmiz hava deməkdir. Ta qədimdən insanlar yaşıllığın qayğısına qalmış və bunun əvəzində təbiətdən bol-bol bəxşişlər almışlar. Ağac əkmək xeyirxah bir işdir. Lakin bu xeyirxahlıq zaman-zaman müxtəlif anlayış kəsb etmiş və hətta ağac əkdirməyin müxtəlif təşviq və məcburi üsulları meydana gəlmişdir.
Belə bir hadisə rayonumuzun həyatında da baş vermişdir. Azərbaycan Rusiyaya birləşdiriləndən və Tiflis Cənubi Qafqazda inzibati mərkəz olduqdan sonra quberniya və qəzalar arasında yol salınması işi başlanır. Belə söyləyirlər ki, Bakını Tiflislə şose yolu ilə birləşdirmək üçün ötən yüzilliyin ortalarında bir gürcü knyazı bu işə təhkim edilir. Knyaz İsmayıllı-Qəbələ-Zarağan-Nic-Oğuz-Şəki yolunun kənarlarında qoz ağacı əkdirir. Deyilənlərə görə, ağac əkilməsi məcburi olmuşdur. Hər ailə mütləq üç ağac əkməli, ətrafında səbət hörüb onu qoruyub böyütməli idi. Ağacların ətrafı mal ağzı çatmayan yerədək səbət hörüldüyünə görə ilk əvvəl bu yol “Səbətli yol” da adlandırılıbmış.
Bir tərəfdən ağacların məcburi əkdirilməsi və onlara ziyan vuranların çox ciddi cəzalandırılması, digər tərəfdən isə yolun salınması ilə əlaqədar olaraq bəzi evlərə, bağlara müəyyən qədər dəyən ziyan nəticəsində el arasında həmin adam “dəli knyaz” adlandırılmışdır. Yaşlı sakinlərin xatirələrində qeyd edilir ki, knyaz ağacı əkən və onu bar gətirənə qədər qoruyan hər bir şəxsə ağacın sayı qədər gümüş pul verəcəyini vəd edibmiş. Vaxt tamama yetəndə, yəni ağaclar bar verəndə o sakinlərə deyir: “Məndən alacağınızı sizə əkdiyiniz ağaclar verəcək, özü də gümüş yox, qızıl; bu, onun meyvələridir!”.
Biz ağac əkməyin məcburi üsulundan söhbət açdıq. Heç demə, başqa qaydalar da mövcud imiş. Məsələn, İndoneziyanın Qərbi Yava bölgəsində hakimiyyət orqanlarının qərarına əsasən ilk dəfə evlənənlər iki, ikinci dəfə evlənənlər üç, boşananlar isə beş ağac əkməlidirlər. Qədim yunan adətinə görə cavanlara yeddi zeytun ağacı əkib onları yetişdirdikdən sonra ailə qurmağa icazə verirlərmiş.
İndi payız fəslinin son aylarıdır və ağac əkməyin gözəl məqamıdır. Hərdənbir düşünürsən ki, hərə bir ağac əksə, diyarımız daha da gözəlləşər. Bağlar, xiyabanlar laləzara çevrilər, əsl istirahət guşəsi olar, küçələr, yollar abadlaşar. Yaxşı olar ki, hər bir müəssisə üçün ağac əkiləcək sahə ayrılsın. Birinci sinfə qədəm qoyan uşaq məktəbin həyətyanı sahəsində bir ağac əksin və təhsilini başa vurana kimi ona qulluq etsin. Ağac əkmək xeyirxahlıqdır. Bu elə bir hisdir ki, hamımızda vardır. Hərə bir ağac əksə, özünə də, torpağa da zinət bəxş etmiş olar.
Xalis Məmmədov,
Qəbələ
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar
mədəniyyət işçisi
Mədəniyyət.- 2015.- 18
noyabr.- S. 15.