Beynəlxalq Tolerantlıq Günü münasibətilə

 

Gürcüstandakı Azərbaycan Mədəniyyəti Mərkəzi təltif olunub

 

Gürcüstanda fəaliyyət göstərən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi “Tolerantlığı dəstəkləyən təşkilat”, qurumun direktoru Leyla Əliyeva isə “Tolerantlığı dəstəkləyən insan” mükafatına layiq görülüb.

Gürcüstanın xalq müdafiəçisi (ombudsman) tərəfindən təsis olunan mükafat hər il ölkədə tolerantlığı, mədəniyyəti, xalqlar və mədəniyyətlər arasında dialoqu, əməkdaşlığı təbliğ edən təşkilatlara, insanlara verilir.

Gürcüstan ombudsmanı Uça Nanuaşvili deyib ki, 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar bu ölkədə də “Tolerantlıq həftəsi” keçirilir. M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi və mərkəzin direktoru Leyla Əliyeva, eləcə də digər təşkilatlar Gürcüstanda tolerantlıq mədəniyyətinin inkişafına və təbliğinə verdikləri töhfəyə görə mükafata layiq görülüblər.

L.Əliyeva onların fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirib. O, jurnalistlərə müsahibəsində deyib ki, mərkəz Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafı ilə yanaşı, milli azlıqlar, dini təşkilatlar arasında da mədəni münasibətlərin inkişafına öz töhfəsini verir.

 

Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 14.