Qəlblər bəstəkarı

 

Payızda doğulub, payızda köçmüş canlı bahar - nəğmə dolu Sabitoğlu...

 

Bəndəniz belə bir qənaətdədir ki, Emin Sabitoğlunun musiqi taktları mahnı mətnlərindəki sözlərdən daha səlis “danışır”, daha aydın anlaşılır, obyekt-subyektləri xəyalda daha real (və ya sentimental) canlandırır, aşiq-məşuqları daha gözəl, daha obrazlı, poetik, lirik vəsf edir, sevdirib-sevildir...

 

Eminin hər mahnıya, hər səhnə və televiziya tamaşasına, kinofilmə yazdığı musiqi parçasının “giriş”ində - elə ilk notlarında “mən mütləq qəlbləri fəth edəcəyəm!” manifestli qəribə bir əmin-arxayınlıq var. Başqa sahə-sənədlərdə işlənən “müqavilə”, “niyyət protokolu”, “qarşılıqlı anlaşma” və sair terminlər baxımından yanaşsaq, bunu “bəstəkar və dinləyici memorandumu” da adlandımaq olar. Dəyərli (və əlbəttə, yüksək zövqlü) oxucularımızın bu qənaətə şərikliyi üçün, zənnimcə, onun “Bir axşam taksidən düşüb payıza, Bilmədik haraya, hayana gedək...” misralarına ayaq verən vulkanik-elegial melodiyasını xatırlatmağım kifayət edər...

Və harda, haçan tam orijinal, tamamilə təkrarsız, büsbütün kolorital, başdan-başa müasir melodiya eşitdin, əlbəəl xəyala -

 

Emin Sabitoğlu gələr...

 

Məsələn, “Payız gəldi, uçdu getdi quşlar, Sən də getdin, bax, - yağdı yağışlar...”

Xiffət dolu bu misraları yazan şairdən də, onu ifa edən müğənnilərdən də öncə, təəssürat “təsərrüfat”ımıza Emin düşər.

Bu sənətkar, istər “naməlum” xalq nəğmələri, istərsə də bəlli bəstəkar mahnılarının yaratdığı musiqi dəryasına axmış ayrıca bir gur çay. Bu bəndə 600-ə qədər huşaparan mahnı, 9 qəşşetdirən komediya, 40 bədii və sənədli filmin təsvir-təfsirinə can vermiş fenomenal huşyar. Nəhayət, bu mahnı “oliqarx”ı canlı “uzaq - yaşıl ada” və məşhur “Hicran” operettasında müştərəklik etdiyi atasının - görkəmli ədibimiz Sabit Rəhmanın əsərlərindən birinin adıyla desək, yaxın - “yaxşı adam”...

Bu ifadələri işlətməklə, istəyirəm, yeni - “muzukalnı” nəsillərin oğul Eminin “Uzaq - yaşıl ada” kimi yüzlərlə nəğməsini dinləyib “uy daaa!” etdikləri kimi, “köhnə” konservatorlar da ata Sabitin “Yaxşı adam” kimi onlarca əsərini xatırlayıb, “ay dədəə!” eləsinlər. Qoy məşhur “Hicran” tamaşasında oğulun musiqi qıjovunda ləzzətlə ləngərlənənlər atanın libretto-mətn dərinliyinə də düşsünlər. O dərinlik ki, yaşından-başından asılı olmayaraq, hamını belə bir fəlsəfəyə qərq edir: təkcə istedadla hər şeyə nail olmaq olmaz. Yəni sənət, mədəniyyət xadimi olmaq üçün ayrıca bir tərbiyə iksiri də var ki, onu “ailə” adlı ümummüəllimdən başqa heç bir elm, hər hansı bir alim kəşf edib, övladın milli vətəndaşlıq kitabına nəşr edə bilməz. Siz bizim şəriksiz milli ekran şedevrimiz olan “O olmasın, bu olsun” filmində bütöv bir millətin bütöv bir vizual həyat şəklinin necə sənətkarlıqla yaradılmasının (və bunun vur-tut saatyarımlıq müddətə sığışdırılmasının!) fərqindəsinizmi? Əgər belədirsə, bu filmin ssenari müəllifi Sabit Rəhmanın bu qədər tərbiyəli, intellekt, məhsuldar, çevik, universal, təvazökar, nəticə etibarilə milli oğul yetirə bilmək yaradıcılığının da fərqinə varmaq gərək...

 

Və digər hallar...

 

Bu bənzərsiz bəstəkarın təkrarsız yaşam dünyasıyla bağlı toxunacağım hallar, doğrudan da vurğuyadəyər xallardır. Bəziləri ürəyə düşən, bir parası da - gözəllərin üzlərindəki xallar kimi hallar...

Xəyallarım vird edir ki, məcazi xallardan başlayım.

Dinləyicilərini vaxt-bivaxt major taktlar üstə kökləməyə çalışmış bu bəstəkar tarixin minor çağlarının birində göz açıb dünyaya. Çöl-bayırlarda “repressiya”, ev-eşiklərdə “depressiya” terminlərinin “gül” açdığı 1937-də. Bu bənzərsiz bəstəkarın yaradıcı ömrü haqda fikirləşdikcə, olumuyla ölümünü istisna ilə, dayanacaqsız bir yol gedirsən. Amma istisna edilənlərin özü də fikir axarını bir xeyli ləngidir. Belə ki, onun o qaraxal “37” payızındakı olumu, nə qədər olmaya, üzü yaradıcı Oluma, gələcək-görəcəkliyə idi. 2000-ci payızdakı ölüm olayı isə başdan-başa kədər çalarlı. Hər ikisi də (16 gün fərqlə) eyni ayda - noyabrda. Hər bir əsərində həm də gizli bir kədər, nostalji bir hiss yaşanan bu sənətkar - bu çiskinli-nisgilli ayın 2-də doğulub, 18-də vəfat edib.

Onun həyat və sənət yollarında şad-xürrəm günləri, şərəf-şöhrət qismətləri də az olmayıb. Konservatoriya təhsilinin elə ilk ilində zəmanə korifeyi Qara Qarayevin sinfi, hər ayaq-addımda özünü büruzə verən fitri istedadı, hər biri bir sənət, elm, rəyasət sahəsində parlamaqda olan dostları və sair.

Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən Emində o keyfiyyətləri görürlər ki, ikinci kursdan onu P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirmək qərarına gəlirlər. Oranı bitirən kimi, 24 yaşlı bu gənc “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru, daha sonra Azərbaycan Dövlət Filarmoniyasına bədii rəhbər təyin edilir. Bir müddət keçmiş onu konservatoriyaya müəllim dəvət edirlər. Bu ciddi vəzifə, işgüzar peşələrin “kadr arxasında” isə biri-birindən lirik-emosional səs-sədalar; gözəl mahnılar, simfoniya, simfonik poema, simli kvartet, skripka və fortepiano üçün poema və kantatalar...

O, hər an, hər gün tələsirmiş. Tək elə harasa gedib-gələndə yox, - gec yatıb-tez durmağa da, musiqilərini yazacağı tamaşa və film ssenarilərini bir neçə dəfə oxumağa da, dadlı-duzlu yumorlarından, intellekt söhbətlərindən doymayan dostlarıyla az görüşüb, çox məmnunluq yaratmağa çalışanda da tələsirmiş. Milli xəyal tarixindəki “ötən günlər”inə qurban vermək istədiyi “gələn günlər”ni öz zəhmət dolu sənətilə ləbaləb doldurmaq istəyirmiş. Lakin zamanın vaxt notları onun “Dayan, zaman, dayan!” taktlarına bənd olmadan ötür, ötür, ötürmüş. Zamanın həm də dahi müəllimi Q.Qarayevin bir çox postulatları kimi, bir gün tələbələrindən birinə dediyi: “Əgər gecə yarısı sizi oyadıb üç orkestr üçün iki mövzulu beşsəsli fuqa yazmağı təklif etsələr, bunun öhdəsindən gəlməlisiniz” sözlərisə onu daim yürüməyə səsləyirmiş...

Və... onun yaradıcılığının -

 

Baş qəhrəmanı...

 

Əlbəttə, mahnılar!

“Nəhəng janrlarda” yazan bəzi “azman”ların onu “malokalibirni”likdə (yəni “çətin” əsərlərdən çəkinib, asan mahnı arxasında gizlənməkdə”) suçlayanlar əleyhinə “əleyhqaz” ehtiyaclı kifayət qədər sözüm olsa da, sözümü bir jurnal məqaləsindəki gözəl bir fikirlə başlamaq istərdim: “Emin Sabitoğlu öz mahnı yaradıcılığında birinci şəxsin cəmindən təkinə - “biz”dən “mən”ə modulyasiya edə bilib”. Həmin yazıda bir rus müəllifdən gətirilən sitat da, Emin Sabitoğlunun sahə (mahnı) “dissertasiya”sını bütün müqəyyəd opponentlərindən qoruyur: “Fikrimcə, dövrümüz öz ədəbi-mədəni inikasını həm Şostakoviçin simfoniyalarında, həm də Solovyov-Sedoyun mahnılarında tapmışdır”.

İndi “Gün keçdi”, “Ad günü”, “Dədə Qorqud”, “İstintaq”, “Qaçaq Nəbi”, “Bəyin oğurlanması” filmlərindəki gözəl mahnıları, musiqi parçalarını xatırlayaq. Bunların hansı biri bitkin bir simfoniya, kantata, kapriççio təsiri bağışlamır? Əgər məqsəd hər bir əsərlə dinləyicini, tamaşaçını, xalqı təkcə “üzü küləyə” yox, həm də “üzü sabaha” aparmaqdırsa, onun kvartet, yaxud mahnı olub-olmamasının məsələyə nə dərəcədə dəxli var, cənab “azman” kompozitorlar!?.

Dedim bəlkə bu yazını elə burdaca bitirim, rəhmətliyin “Bəlkə” mahnısı səsləndi xəyalımda. Və qaldım məəttəl ki, bu qurtarhaqurtarda belə bir incidən necə az danışım, bu əsrarəngiz “fortepiano prelüdü”nü, heyrətamiz söz-səs düzülüşlü, gah şipşirin, gah turşməzə konfet-kuplet quruluşlu, vals ritmli, qəribə-qərib duyğular oyadan tilsimi necə açım? ...Deyirəm, bəlkə, elə bu mahnının havası beynimdə - çıxıb bir taksi tutum, düşüm sahilə sarı. Gedim görüm, “Bir ax-şamm tak-si-dən dü-şüüüb payı-za...”, haraya, hayana gedə bilməmək, nə demək imiş?..

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 13.