“Rəssam gərək öz yanlışlarını görsün”

 

“Yaradıcılıq zamanı obyekt və səndən başqa heç nə olmamalıdır”

 

Sənan Abusəmədzadə realist janrda çalışan tanınmış rəssamlarımızdandır. Onun əsərlərində gerçəklik tamaşaçıya inandırıcı şəkildə təqdim olunur. Rəssam hazırda “1969” qalereyasında çalışır.

 

- Sənan bəy, rəssamlığı taleyiniz sayırsınızmı?

- Bizim nəsildə rəssam olmayıb, bu bacarıq bircə məndə üzə çıxıb. Müəllimim Xalq rəssamı Böyükağa Mirzəzadə olub. Tale elə gətirib ki, onun doğulub böyüdüyü evdə biz yaşamışıq. Mən indi də həmin evdə yaşayıram.

Orta məktəbi bitirdikdən sonra Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul oluna bilmədim. Böyükağa müəllimə müraciət elədim, onun yanında bir il hazırlaşandan sonra məktəbə qəbul olundum. 1988-ci ildə oranı bitirdim. 1991-1997-ci illərdə Mədəniyyət və İncəsənət Universitetinin dizayn fakültəsində təhsil aldım. O zaman Böyükağa müəllim dedi ki, gəl, mənim emalatxanamda çalış. Beləcə dörd il onun yanında işlədim. Sanki ikinci bir məktəb oxudum. O, mənə professionallığı öyrətdi. İndi bəzi adamlar deyir ki, mənim işlərim Böyükağa müəllimin əsərlərinə oxşayır. Bəlkə də təsir var. Doğrusu, mən özümü həmişə onun təsirindən qorumuşam. Onun dediklərini eləyirdim, ancaq təsirinə düşməkdən, əsərlərimi onunkuna oxşatmaqdan qaçırdım. Əsasən natürmort və mənzərə işləyirəm. Başqa janrlarda da çəkirəm. Demək olar, bütün janrlarda əsərlərim var.

- Rəngləriniz təbiətdəki qədər cazibəlidir...

- Hamısı təbiətdən gəlir. Mənzərələrim təbiətdə yaranır, bölgələrə gedirəm. Yolum ən çox Qubaya düşür. Təngəaltı, Afurca kəndlərində çox olmuşam, oradan mənzərələr işləmişəm.

- Yaradıcılığınızda tünd rənglər də çoxdur.

- Qabaqlar Rembrandtın işlərini sevirdim. İndi də ona münasibətim dəyişməyib. Buna görə əsərlərimdə tünd rənglərdən daha çox istifadə edirdim. Sonradan impressionizmə meylim artdı. Bu cərəyanı çox sevirəm. Mənzərələrimdə bu, hiss olunur. Tale elə gətirib ki, müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirak etmişəm, rəssamlarımızın əsərlərindən ibarət sərgiləri qurmuşam. Bu işdə böyük təcrübəm var. Oradakı muzeylərdə dünyanın ən məşhur rəssamlarının əsərlərini görmək mənə qismət olub. İmpressionistlərin də işlərini yaxından görmüşəm. Çox zaman onlar uzaqdan bizə daha cazibəli görünürlər.

- Bu qədər yaradıcılıq məhsulu ilə öz yolunuzu tapdığınızı düşünürsünüzmü?

- Açığı, qarşıma məqsəd qoymamışam ki, öz yolum olsun. Rəssam gərək öz yanlışlarını görsün. Mən öz işlərimə tələbkar yanaşıram. Bəyənmədiyim işi sərgiyə çıxarmıram. Özümü aldatmaq istəmirəm. Yanlışlarımı düzəltmək üçün səbirlə işləyirəm. Rəssam yalnız başqalarıyla birgə sərgilərə çıxanda öz gücünü bilir. Başqalarının əsərləri ilə müqayisədə öz səviyyəni görürsən. Elə işlərim olub ki, onlarda yanlışların olduğunu duysam da, görə, tapa bilməmişəm. Həmin əsəri gözümdən qıraq qoymaqla mövzudan uzaqlaşıram. Bir müddət keçəndən sonra həmin mövzuya yenidən qayıdıram və yanlışımı görürəm. Yaradıcı insanlar bəzən sənətdə öz yanlışlarını görə bilmirlər. Bu da yaratdığın əsərə vurğunluqdan irəli gəlir. Əsərə hər dəfə yeni düşüncəylə yanaşmaq gərəkdir. Elə əsərlərim olub ki, onu fasilələrlə bir ilə işləmişəm.

- Emalatxananız yoxdur, əsərlərinizi harada yaradırsınız?

- Əvvəllər iş yerimdə çəkirdim. İndi yalnız evdə işləyirəm. Yerim olmadığından işlərimi saxlaya bilmirəm. Amma satılmağından narazılığım yoxdur, alınır. İndi özümdə vur-tut 6-7 işim var.

- Çalışdığınız “1969” qalereyasında əsasən hansı janrda əsərlər sərgilənir?

- Hər sərgi salonunun öz müştərisi olur, hər salon öz əsərləriylə seçilir. Bizim salonda realizmə daha çox üstünlük verilir. Sənətsevərlərə realizmə aid əsər gərək olanda buraya gəlirlər. Mən özüm də realizmlə məşğul oluram. Abstrakta həvəsim yoxdur. Küçədən keçən təsadüfi adam rəsm ala bilməz. Kim rəsm alırsa, deməli, onun bu haqda bilgisi var. Qiymətlərə gəlincə, bizdə qiyməti müəlliflər qoyur. Alıcılar da əsərləri əsasən evlərinin təmirinə uyğun alırlar. Əgər ev avanqard üslubda təmir olunubsa, ora avanqard əsər gərək olacaq.

- Başqa rəsm cərəyanlarına münasibətiniz...

- Məni realizmdən başqa hansısa janr çəkmir. Hərənin sənətkar kimi dünyaya baxışı fərqlidir. Mən avanqardçıları və abstraktçıları başa düşmürəm, ancaq qarşı da çıxmıram. Bunların kökü realizmdir. Realizmi bilmədən düzgün avanqardçılıq ola bilməz.

Təsirə düşməyi sevmirəm. Yaradıcılıq zamanı obyekt və səndən başqa heç nə olmamalıdır. Rəssamlıq məktəbində oxuyanda bəzən tələbələr qarşısındakı natürmorta yox, yoldaşlarının çəkdikləri natürmorta baxıb işləyirdilər. Təsirə düşmək budur. Mənim sevdiyim rəssamlar Rembrandt, Rubens, Repindir. Azərbaycan rəssamlarından Böyükağa Mirzəzadə, Mikayıl Abdullayevi özüm üçün ideal, ustad sayıram.

- Sizcə, əsəri kim satmalıdır: rəssam, yoxsa menecer?

- Məncə, rəssam yalnız yaratmalıdır, əsər satmamalıdır. Rəssam yaradıcılıq zamanı pul haqqında düşünürsə, həmin əsər uğurlu alınmayacaq. Hər rəssamın əsəri özünə doğmadır. Rəssam deyə bilər ki, bu əsərdən ötrü yuxusuz gecələr keçirmişəm, ona görə qiyməti çoxdur. İndi rəsm əsərinin qiymətini bazar müəyyənləşdirir, tənzimləyir. Hər rəssamın meneceri olmalıdır, əsərləri o satmalıdır.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.-  18 noyabr.- S. 12.