Bu günün və gələcəyin kəsişməsində

 

Milena Nəbiyeva 1981-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 1999-cu ildə 18 saylı tam orta məktəbi bitirib. Bir neçə aydır ki, rəssamlıqla məşğuldur və onun qısa müddət ərzində olan yaradıcılığı ətrafdakıların da diqqətini özünə cəlb edir. Gələcəkdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olmaq, gənc nəsil rəssamların sırasına qatılmaq, onlarla bir peşəni bölüşdürmək istəyir. O hələlik bu arzusunun, düşüncələrinin gerçəkləşməsinə aparan yolun başlanğıcındadır. İncəsənətə olan böyük sevgisi onun qısa müddət ərzində 10-dan çox rəngkarlıq nümunəsi yaratmasına səbəb olmuşdur.

Sulu və yağlı boyalarla çəkdiyi rəsmlərdən artıq onun yaradıcılığının “ana xətti” müəyyən olunur. Rəngkarlıq nümunələrində bu xətti təşkil edən, milli dəyərlərimizə söykənən, soyumuzdan, kökümüzdən bəhrələnərək yaradılan təsvirlər yer alıb.

Gənc rəssamın yaratdığı təsvirlər “parçalar”dan, sürət və hal təəssüratlarından ibarətdir. Bütövlükdə biri digəri ilə oxşarlıq təşkil edən təsvir hissələri, elementləri özünəməxsusluğu ilə incə fərqlərə, obrazlılığa malikdirlər.

Yaratdığı rəngkarlıq nümunələrindəki buta, dolanqaç, damğa, spiral, qurama, nar və başqa təsvirlər tarixi soyumuzla, uzaq keçmişimizlə bağlılığının aşkar ifadəsidir. Bu təsvirlərin yer aldığı hər bir əsər həmin rəssamın incə, zərif zövqü ilə yanaşı onun düşüncəsini, daxili aləmini də əks etdirir.

“Buta”, “Naxışlı narlar”, “Qurama”, “Butalı qurama”, “Düşüncə”, “Dövrə vuran dərvişlər”, “Misirli qadın”, “Akvarium”, “Tovuzquşu” adlı və başqa rəngkarlıq nümunələri sənətə yenicə qədəm qoymuş rəssamın düşüncələrini əks etdirir. Bəzən tikmə sənət nümunələrimizi imitasiya edən, işləmə texnikası və zahirən biri digərinə oxşar olan bu nümunələr incə fərqlərə məxsus obrazlara malikdirlər. Bu fərqlər kompozisiya müxtəlifliyi, kontrast rənglər, konturlar vasitəsilə özünü daha çox büruzə verir.

Milena Nəbiyeva rəssamlığa yenicə başlayan, yaradıcılığının ilkin dövrünü yaşayan gənclərimizdən biridir. Onun qısa müddət ərzində yaratdığı rəngkarlıq nümunələri rəssamlıq sahəsində öz “cığırı”nı açmaq arzusunu əks etdirir.

 

Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 12.