“Türkvizyon” yarışması mədəniyyətlərarası körpüdür”

 

“Budəfəki mahnı müsabiqəsində 8-14 yaşında uşaqlar da iştirak edəcək”

 

Türk dünyasını əhatə edən və gənc istedadların ortaya çıxmasında böyük rol oynayan Türk Musiqi Birliyi (TMB) televiziya kanalının mühüm layihələrindən olan “Türkvizyon” beynəlxalq mahnı yarışması bu il üçüncü dəfə gerçəkləşəcək. İstanbulda keçiriləcək layihə ilə bağlı TMB TV-nin baş direktoru Samir Qurbanovla söhbət etdik.

 

- Bu il “Türkvizyon” beynəlxalq mahnı yarışması artıq üçüncü dəfə təşkil olunacaq. Əvvəlki iki illə müqayisədə hansı dəyişikliklər olub, nə kimi təcrübə əldə edibsiniz?

- Bu layihənin həyata keçirilməsi üçün çalışmalara 2012-ci ildə başladıq. Layihəni ilk dəstəkləyən isə Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY oldu. Eyni ildə TÜRKSOY da “Türk dünyası mədəniyyət paytaxtı” layihəsini gerçəkləşdirməyə başlamışdı. Beləliklə, “Türkvizyon” mahnı yarışmasını hər il elan ediləcək mədəniyyət paytaxtlarında keçirməyi qərara aldıq. “Türk dünyası mədəniyyət paytaxtı” layihəsinin ilk reallaşdığı şəhər 2012-ci ildə Astana oldu. Lakin həmin il bizim layihəmiz hazır olmadığı üçün təqdim edə bilmədik. 2013-cü ildə isə Əskişəhər (Türkiyə) mədəniyyət paytaxtı oldu və biz layihəyə start verdik. İlk yarışma uğurla gerçəkləşdi və işimizə çox böyük stimul verdi. Əskişəhərdən sonra 2014-cü ildə “Türk dünyası mədəniyyət paytaxtı” olan Tatarıstanın Kazan şəhəri “Türkvizyon”a ev sahibliyini etdi. Həmin yarışmaya 26 ölkə qatılmışdı. Onu xüsusilə qeyd etmək istərdim ki, layihədə iştirak etmək istəyən ölkələr çoxdur. Bu il türkdilli ölkələrdən savayı Rusiya Federasiyası daxilində yaşayan türk boyları, eləcə də Ukrayna, Rumıniya, Bolqarıstanda yaşayan türklər, İraq türkmənləri, Şimali Kipr Türk Cümhuriyyəti, Makedoniya, Almaniya, Albaniya, Bosniya və Herseqovina, Serbiyanın müsəlmanlar yaşayan Sancaq bölgəsindən yarışmaya ifaçılar qatılacaq. Türk dünyasının inkişaf etdiyi bir dövrdə belə bir layihənin keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur. Bu, türkdilli xalqların yarışmasıdır və biz bu layihədə azsaylı türk xalqlarının, kumık, noqay, Altay türklərinin iştiraketmə imkanlarına sevinir və türk dünyasının hər zaman öz böyüklüyü ilə beynəlxalq aləmə belə bir birlik mesaj göndərməsindən qürurlanırıq. Layihədə dəyişikliyə gəlincə, budəfəki yarışmada 8-14 yaşında uşaqlar da iştirak edəcək. Ölkələrdə keçirilən səs yarışması qaliblərinin final gecəsi İstanbulda gerçəkləşəcək.

- Yeri gəlmişkən, nə üçün budəfəki yarışmaya 8-14 yaş arasında istedadların da qatılmasını istədiniz?

- Uşaqlar bizim gələcəyimizdir. Vaxtilə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev kimi böyük musiqiçiləriniz Azərbaycanın rayonlarını, kəndlərini qarış-qarış gəzərək istedadlı uşaqlar, gənclər axtarar, gözəl səsə sahib olanları aşkar edərdilər. Elmin, texnologiyanın inkişaf etdiyi bir zamanda bizlərin üzərinə düşən ən böyük vəzifə onların yolunu davam etdirməkdir. Biz də həmin yola işıq tutaraq, istedadlı uşaqları ortaya çıxarmaq məqsədilə bu layihənin həyata keçməsinə imzamızı atdıq. Məqsədimiz, gözəl səsli uşaqlarımızı bir araya gətirib dünyaya tanıtmaqdır.

- Yarışma nə vaxt gerçəkləşəcək? İştirakçılardan hansı janrda ifa və performans göstərmələri tələb olunur?

- Ümumilikdə, layihə 13-22 dekabr tarixində reallaşacaq. Dekabrın 15-də 8-14 yaşlı iştirakçıların final konserti olacaq. Böyüklərə gəlincə, dekabrın 17-də yarımfinal, 19-da isə final olacaq. Müsabiqədə səsverməyə gəlincə, balların 50 faizi tamaşaçılar tərəfindən sms ilə, 50 faizi isə münsiflər heyəti tərəfindən veriləcək. Sirr deyil ki, “Eurovision” yarışmasında “qonşu səsverməsi” deyilən problem mövcuddur. İfaların yaxşı olub-olmamasından asılı olmayaraq, qonşu ölkələr bir-birinə daha çox səs verirlər. Bizi isə belə problem narahat etmir. Bu yarışma siyasi deyil, mehriban qonşuluq və qardaşlıq prinsiplərinin təzahürüdür.

Janr və peformansa gəlincə, biz folklor musiqilərinə yer vermirik. Çünki ayrılıqda belə festivallar çox keçirilir. “Türkvizyon” mahnı yarışmasıdır. Ona görə də pop janrına yer veriləcək. Təbii ki, yarışmaya qatılanların perfomans göstərməsi lazımdır. Ümumiyyətlə, bizim üçün önəmli olan səs və ifa keyfiyyətidir. Hazırda dünyada qloballaşma prosesi gedir və hər kəs ondan qorxur ki, “Eurovision” qloballaşma prosesinin bir hissəsidir. Amma “Türkvizyon” qloballaşmaya qarşılıq verəcək mədəniyyət layihəsidir. Biz gənc istedadların ifalarını, “Türk dünyasının çağdaş səsi budur”, deyib təqdim etmək istəyirik. Əgər zamanında ata-babalarımız dünyanı at belində fəth ediblərsə, biz indi bütün dünyaya isbatlayırıq ki, türk xalqları öz mədəniyyətləri ilə də bu gün dünya miqyasında ön yerlərdədir.

- Bu layihə başlayanda, “Türkvizyon”un “Eurovision”a rəqib olacaq” kimi fikirlər vardı. Bu sindrom aradan qalxdımı?

- Belə fikirlərin ortaya çıxmasını təbii qarşılayıram, çünki sonradan zaman hər şeyi öz yoluna qoyur. Türk Musiqi Birliyi (TMB) telekanalı 2008-də qurulanda da düşündülər ki, biz MTV-yə rəqib olacağıq. Eyni hadisə “Türkvizyon” layihəsi ortaya çıxanda da yaşandı. TMB heç bir kanala rəqib deyil, türk musiqisini, qardaşlığını təbliğ edir. Biz Avropada musiqi yarışmalarında hər zaman folklor nümunələrimizi, xalq mahnılarımızı səsləndirmişik. Amma türk dünyasının gəncliyinin səsini, pop musiqisində çağdaş dünyanın səsinə səs verəcək sənətçiləri, təəssüf ki, ortaya çıxara bilməmişik. Məhz bu mənada TMB türk musiqisini dünyaya təbliğ edir yeganə musiqi kanalıdır. Kanal bu gün 50-dən çox ölkəyə türk gəncliyinin səsini yayır. Nəticədə bu ölkələrin sənətçiləri bir-biriləri ilə tanış olurlar. Mən buradan bütün türk dünyasına səslənib deyirəm ki, TMB sizin üçün bir vasitə, imkandır. Musiqi və kliplərinizi yollayın və biz də türk dünyasına yayımlayaq.

“Eurovision”a rəqiblilik məsələsinə gəlincə, layihəyə başladığımız gündən demişik ki, bizim belə bir məqsədimiz yoxdur. Onların öz yolu, bizim də öz yolumuz var. Sadəcə hər iki yarışmanın adında bənzərlik var. Lakin bizim fərqli mədəniyyətimiz, musiqimiz, bir sözlə, fərqli dəyərlərimiz var. Nədən biz öz musiqimizi tanıtmayaq? Biz türk dilində danışan ölkələr olaraq bir-birimizi yetərincə tanımırıq. Bir xakasın azərbaycanlını, özbək türkünün türkməni yaxından tanıması lazımdır. Əminliklə deyə bilərəm ki, artıq “Türkvizyon” “Eurovision”a rəqib olacaq” kimi sindromu tamamilə qırmağa nail olmuşuq. “Türkvizyon” eyni zamanda sağlam təmələ dayanan mədəniyyətlərarası körpüdür.

- Türkiyədə “Türkcəvizyon” adlı bir mahnı müsabiqəsi də var. Bəzi hallarda bu layihələri qarışdırırlar, mətbuatda da bu özünü göstərir...

- “Türkcəvizyon” TRT kanalının layihəsidir. Şərtlərə uyğun olaraq hansı ölkədən gəlməsindən asılı olmayaraq iştirakçı türk dilində oxumalıdır və məqsəd Türkiyə türkçəsinin təbliğidir. “Türkvizyon”la “Türkcəvizyon”nun şərtləri tamamilə fərqlidir. Biz bu yarışma ilə türk dünyası xalqlarının təmsilçilərini hər birinin öz dilində, səsində tanıtmaq istəyirik. Söhbətimizin sonunda hər zaman bizə dəstək verən Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan mediasına və dəyərli tamaşaçılarımıza minnətdarlığımızı bildirirəm.

 

Mehparə Sultanova,

Ankara

 

Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 11.