Gənc mədəniyyət işçilərinin kreativ qrupunun ilk səyyar iclası

 

Noyabrın 13-də Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” idarə heyətinin ilk səyyar iclası keçirilib.

Tədbiri Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Mirzəyev açaraq, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qupu”nun təsis olunmasını yüksək qiymətləndirib və qrupa fəaliyyətində uğurlar arzulayıb.

Elmi-Metodik Mərkəzin metodistləri Fərhad Abdulov, Pərvanə Hüseynova, Nadir Məmmədov qrupun məqsədi, fəaliyyət istiqamətləri, prioritet hədəfləri barədə məruzələrlə çıxış ediblər.

Sonra Elmi-Metodik Mərkəzin informasiya texnologiyalarının tətbiqi şöbəsinin baş metodisti Toğrul Hidayətzadə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb-saytı, mərkəzin veb-saytı və onun dəstəyi ilə hazırlanmış digər saytlarla, eləcə də Elmi-Metodik Mərkəzin facebook, twitter, instagram sosial şəbəkələrində yaradılmış səhifələrinin təqdimatını keçirib.

Tədbirdə gənc mədəniyyət işçiləri hər il bir rayonun kreativ qrupun “paytaxtı” elan olunması, istedadlı uşaqların üzə çıxarılmasına köməklik göstərilməsi, vətənpərvərlik ruhunun formalaşması üçün layihələr, musiqi məktəblərinin fəaliyyətinin genişləndirilməsi və s. məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Sonda iştirakçılara Elmi-Metodik Mərkəz tərəfindən hazırlanmış metodiki vəsaitlər təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 10.