Bakıda növbəti
“Mövsüm səyahət yarmarkası” keçirildi
Noyabrın 14-də
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı
ilə “Park Bulvar” Ticarət Mərkəzində 3-cü
“Mövsüm səyahət yarmarkası” keçirildi.
Əsasən daxili turizmin dəstəklənməsi və təbliği
məqsədi daşıyan yarmarkada ölkəmizdə fəaliyyət
göstərən 20 turizm şirkəti və 4 mehmanxana
öz stendləri ilə təmsil olunurdu.
Ziyarətçilərə Yeni il münasibətilə təşkil olunacaq daxili turlar, Bakıdakı və regionlardakı hotellərdə, istirahət mərkəzlərində keçiriləcək bayram proqramları və bu münasibətlə hazırlanan turpaketlər, eləcə də xarici ölkələrə turist səfərləri haqqında məlumatlar verildi.
Yarmarkaya maraq artmaqdadır
AZTA-nın icraçı direktoru Aytən Əliyeva bildirdi ki, artıq üçüncü dəfə reallaşan yarmarkada turizm sektorunda öz sözünü demiş şirkətlərlə yanaşı, bazara yeni çıxan turizm şirkətləri də iştirak edir. Ziyarətçilərə müxtəlif istiqamətlərə turizm paketləri, eləcə də ölkəmizdəki hotellərdə Yeni il proqramları, müxtəlif turlar haqqında ətraflı məlumat verilir.
Qeyd olundu ki, bu dəfə iştirakçı sayı ötən yarmarkaya nisbətən daha çoxdur. Bu, mövsüm yarmarkalarının əhəmiyyətinin artmasının göstəricisidir.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev də tədbirin əhəmiyyətindən söz açdı: “Artıq bu yarmarkanın öz ənənələri formalaşır. Bu tədbirlər turizm şirkətləri üçün də çox gözəl bir şansdır”.
Bildirildi ki, bu tədbir hər iki tərəfin marağına xidmət edir: vətəndaşlar istədikləri turpaketləri əldə edə bilirlər, şirkətlər isə öz məhsullarını satırlar. Paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonaqları da bu yarmarkadan yararlana bilərlər. Turoperatorlar istər daxili, istərsə də xarici səfərlərlə bağlı çeşidli paketlər hazırlayıblar. O cümlədən ailəvi səfərlərlə bağlı turpaketlərdə müəyyən endirimlər nəzərdə tutulur.
Tədbirə qatılan turizm şirkətləri təmsilçilərinin fikirlərini öyrəndik.
“Vektor travel” turizm şirkətinin daxili turizm meneceri Cavid Gəraylı deyir ki, mövsümi yarmarkanın keçirilməsi turizm şirkətlərinin təklif etdiyi marşrutlar, yeni xidmətlər haqqında məlumatları potensial müştərilərə çatdırmaq, ümumilikdə turizmin təşviqi baxımından önəmlidir: “Ziyarətçilərin marağını nəzərə alıb bu dəfə də yarmarkaya maraqlı təkliflərlə gəlmişik. Yeni illə bağlı 30 dekabr - 1 yanvar tarixlərində Zaqatala-Qax-Oğuz-Qəbələ, 30 dekabr - 3 yanvar tarixlərində Bakuriani-Tbilisi turlarımız var. Həmçinin “Şahdağ”a və “Tufandağ”a da turlarımız davam etməkdədir”.
“Greenwich travel”in tur meneceri Leyla Mehdiyevanın sözlərinə görə, bu tipli yarmarkalar ilk növbədə turizm şirkətlərinin özlərini tanıtmasına, müştərilərlə əlaqələrin güclənməsinə xidmət edir: “Burada iştirak edən ziyarətçilər turpaketlərlə tanış olduqdan sonra bizimlə əməkdaşlığa daha yaxından maraq göstərirlər. Həm regionlara, həm də xarici ölkələrə turlar təklif edirik. Qəbələ, Lənkəran, Lerik, Şamaxı və digər bölgələrdə yerləşən hotellərə Yeni illə bağlı sərfəli bayram paketlərimiz var”.
Vətəndaşlar həm ölkəmizdə, həm də xaricdə istirahət etmək istəyirlər
Yarmarkaya istirahət həvəskarları tərəfindən böyük maraq vardı.
Dekabrda ailə qurmağa hazırlaşdıqlarını deyən Namiq Hacıyev və Leyla Əhmədova toy sonrası və Yeni il tətilində xarici ölkələrin birində istirahət etmək istəyirlər. Onların sözlərinə görə, yarmarkada bununla bağlı çeşidli təkliflər var, seçim imkanları da genişdir.
Paytaxt sakini Şahin Məmmədli isə Yeni il bayramı günlərində ailəsi ilə birlikdə Azərbaycanın regionlarından birində istirahət etməyi düşünür. Bildirdi ki, yarmarkada turizm şirkətlərinin təqdim etdikləri bir çox turlarla tanış olub, amma hələ seçim etməyib.
Qeyd edək ki, yarmarkada ziyarətçilərə istər ölkədaxili, istərsə də xarici turlar barədə məlumat verilirdi. Maraqlananlar stendlərdəki reklam-çap materialları, bukletlər, kataloqlar vasitəsilə daha ətraflı bilgi ala bilirdi. Tədbir çərçivəsində həmçinin ziyarətçilərə hədiyyə qazandıran müsabiqələrdə iştirak imkanı yaradılmışdı.
Axşamadək davam edən yarmarkada iştirakçı şirkətlərin təqdimatları da keçirildi. Sonda ABŞ-dan olan caz ifaçısı Qabriel Stravelli öz qrupu (Jim Riedl - piano, Patrik Oleari - bas, Cordan Yonq - zərb alətləri) ilə çıxış etdi.
Fariz
Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 9.