“Zamanın
elçisi xalça”
Noyabrın 16-da
Xalça Muzeyində “Azərbaycan xalçası
günü” və görkəmli alim, xalçaçı rəssam
Lətif Kərimovun (1906-1991) doğum gününə həsr
olunan “Zamanın elçisi xalça” adlı tədbir
keçirildi.
Muzeyin direktoru, professor Röya Tağıyeva çıxış edərək dövlətimiz tərəfindən xalça sənətinin inkişafına göstərilən diqqət və qayğıdan söz açdı. Qeyd olundu ki, 2010-cu il noyabrın 16-da Azərbaycan xalçası Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Bu münasibətlə 16 noyabr tarixi ölkəmizdə “Azərbaycan xalçası günü” kimi qeyd edilir.
Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, xalçaçı rəssam Aydın Rəcəbli qeyd etdi ki, Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Lətif Kərimovun adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ-tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist-rəssam, tədqiqatçı-alim kimi tanınan Lətif Kərimov uzun illər xalçalarımızı tədqiq edib, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaradıb. Onun eskizləri əsasında toxunmuş “Əfşan”, “Qonaqkənd”, “Ləçəkturunc”, “Şuşa”, “Göygöl”, “Qarabağ”, “Butalı”, “Bahar”, “Heyvanlar aləmində”, “Şəbi-hicran”, “Zərxara” və s. ornamental və portret xalçalar kompozisiyası, rəsmlərinin zərifliyi və ifadəliliyi, zəngin koloritinə görə bu sənətin qiymətli nümunələrindəndir.
Xalçaçı rəssamlardan Eldar Mikayılzadə, Adil Məmmədov, Quba xalçaçılıq müəssisəsinin direktoru Humay Məmmədova, Gəncə xalçaçılıq müəssisəsinin direktoru Eldar Quliyev, Rəssamlıq Akademiyası dekorativ-tətbiqi sənət kafedrasının müəllimi, xalçaçı rəssam, dosent Məmmədhüseyn Hüseynov çıxış edərək milli xalça sənəti ənənələri haqqında danışdılar, bu sənəti yaşadanların zəhmətini yüksək dəyərləndirdilər.
Tədbirdə həmçinin “Azərbaycan xalçası fəxrimiz, iftixarımız, milli dəyərimiz” mövzusunda xalçaçı rəssamlarla tələbələr arasında açıq söhbət keçirildi.
Çıxışlardan sonra Lətif Kərimovun nəvəsi Əfşan Rzayeva tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
Tədbir iştirakçıları muzeyin ekspozisiyasında “Tarix yazan xalçalar”, Lətif Kərimovun doğum gününə həsr olunan “Bir ömrün sehrli ilmələri” və “Sənəti yaşadanlar” adlı sərgilərə baxdılar.
Sonda incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.-18
noyabr.- S. 8.